https://www.zirve.edu.az/
17.02.2020 13:34
Azərbaycanlı şərqşünas alimlər Səudiyyə Ərəbistanında təlimlərdə iştirak ediblər
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Kral Əbdüləziz adına Beynəlxalq Ərəb Dilinə Xidmət Mərkəzinin təşkil etdiyi “Ərəb dilinin tədrisi” təlimlərində iştirak ediblər.

AzEdu.az xəbər verir ki, təlimlərdə bu elmi müəssisənin Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi Fatma Məcidova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı və Din və ictimai fikir tarixi şöbəsinin kiçik elmi işçisi Elnur Mustafayev iştirak edirlər.

Kral Əbdüləziz adına Universitetdə təşkil olunmuş təlim proqramında qeyri-ərəblər üçün ərəb dilini daha tez öyrənməyin üsul və metodları nümayiş etdirilib. Təlim zamanı universitetin müəllimləri ilə Azərbaycan nümayəndə heyəti arasında fikir mübadiləsi aparılıb. Təlim proqramı bitdikdən sonra Kral Əbdüləziz adına Universitetin rektoru Azərbaycan nümayəndə heyəti ilə görüşüb və onlara sertifikat təqdim edib.

Səfər çərçivəsində Şərqşünaslıq İnstitutunun əməkdaşları Qədim Ciddə şəhəri, Kral Əbdüləziz adına Mərkəzi kitabxana ilə tanış olublar. Alimlərimiz, həmçinin Məkkə və Mədinə şəhərlərində müqəddəs və tarixi məkanları ziyarət ediblər.