Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 10:00:00
Nazirliyin saxta diplomlu müəllimlərlə təqdirəlayiq işləri –Sertifikasiyanın da yardımı olacaq

 

Ölkə ümumtəhsil məktəblərində bəzən diplomu dövlət nümunəli olmayan 6 saatadək dərs yükünə sahib müəllimlərə  rast gəlinir. Onların aqibəti isə özləri ilə yanaşı çoxlarına maraqlıdır. Təhsil naziri Ceyhun Bayramov da fəaliyyəti dövründə belə müəllimlərlə bağlı bir sıra addımlar atıb. Son nəticədə isə onlaın 6 saatdan çox olmayan dərs yükü ilə məktəblərdə saxlanmasına qərar verilib.

Bəs, təhsil işçiləri nazirin bu məsələ ilə bağlı mübarizəsini necə qiymətləndirirlər? Ümumiyyətlə,hansı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər?

“Əmək müqavilələrinə xitam verilməlidir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmov bildirib ki, sözügedən məsələ ilə bağlı atılacaq ən ciddi addım sertifikasiya olacaq:

“Saxta diplom o deməkdir ki, bu müəllim ixtisasının sahibi deyil. Onların əmək müqavilələrinə xitam verilməlidir. Çünki həmin diplomu onlar qazanmayıblar. Saxtadırsa, deməli hansısa yolla əldə ediblər.

Əmək Məcəlləsində belə bir maddə var: “müəllimin vəzifəsi, ixtisası o peşəyə uyğun deyilsə, avtomatik işdən azad olunmalıdır”. 6 saat dərs verilməsi isə onlara qarşı humanistlik nümunəsi idi. Səlahiyyətli orqan onlarla bağlı qərar verməlidir. Yəqin ki, yekunda Ali Attestasiya Komissiyası diplomu dövlət nümunəli olmayanlarla çalışmağın mümkünsüz olması ilə bağlı qərar qəbul edəcək, işdən azad olunacaqlar.

Diaqnostik qiymətləndirmənin məqsədi yerlərdə vəziyyəti öyrənmək idi. Yəqin, sertifikasiya daha ciddi olar. Sertifikasita nəticəsində müəllimlərə dərəcələr veriləcək. Əmək haqlarını da 1990-cı illərdəki kimi bu kateqoriyalara görə alacaqlar. Saxta diplomlu müəllimlər fərqlənəcəklər.

Hələ ki, saxta diplomlu müəllimlərlə bağlı qərar qəbul olunmayıb. Cənab nazir bütün çıxışlarında deyir ki, sertifikasiyada bir çox bu kimi məsələlər həllini tapacaq. Onda xeyli gözləntilərimiz var”.

“Birdən – birə kəsib atmaq da olmur, onlarla davam etmək də...”

Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktoru Rəşad Kazımov isə xatırladıb ki, əvvəlki illərdə dolayı yollarla təhsilə gələn  bu kimi sənədlər çox olub:

“Belə müəllimləri birdən – birə kəsib-atmaq da olmur, onlarla davam etmək də... Onların içərisində üzərində işləyib ixtisasını dərindən mənimsəyənlər də var. İşi bacaran, sadəcə diplomu saxta olan  müəllimin kənarda qalması da düzgün olmaz. Ümumiyyətlə, bu, uzun sürən prosesdir. Hesab edirəm ki, mərhələli şəkildə aradan qaldırılacaq.

Bu müəllimləri birdəfəlik kənarlaşdırmaq olmur. Onlar üçün yeni bir qayda tətbiq etmək lazımdır. Məsələn, belə bir tədbir görmək olar: Belə müəllimlərə bir  şans verilsin. Dövlət İmtahan Mərkəzi xətti ilə imtahan keçirilsin. Qəbul olunduqda gözlənilən qaydada  4 il deyil, 1-2 il təhsil alıb bu istiqamətdə ixtisaslaşdıqdan sonra diplomları bərpa edilsin”.

“Belə davam etsə, 6 saat dərs deyən müəllimlər özləri üçün ölçü götürəcəklər”

Təhsil naziri Ceyhun Bayramovun saxta diplomlu müəllimlərlə bağlı həyata keçirdiyi tədbirlərə gəlincə isə direktor belə cavab verib:

“Diaqnostik qiyətləndirmə ilə saxta diplomlu müəllimlər işləsələr də onlara 6 saatdan çox dərs verilmir. Bu, görülən tədbirlərdən biridir.

Zənnimcə, saxta diplomluların uzaqlaşdırıldıqlarını demək olmaz. Əgər məktəbdə ixtisas müəllimləri çoxdursa, saxta diplomlu müəllimi tədricən uzaqlaşdırılmalar da oldu. Ümumiyyətlə, məsələ kökündən həll olunmayıb. Kimsənin haqqına girməmək üçün 6 saat dərs yükü ilə məktəbdə saxlanmaları ilə bağlı qərara verildi. Vətəndaş mövqeyindən yanaşanda da adam kiminsə işsiz qalmasına razı ola bilmir, çətin məsələdir.

Fikrimcə, 6 saat dərs yükü ilə məktəbdə qalan müəllim bir müddət də belə davam etsə, özün görəcək ki, aldığı maaş onu təmin etmir.  Bəlkə də öz razılığı ilə uzaqlaşıb başqa işlə məşğul olacaq.

Saxta diplomlarla bağlı problem olub, amma ümid edirik, növbəti illərdə bu həll olunacaq. Onsuz da bir müddət belə davam etsə, 6 saat dərs deyən müəllimlər özləri üçün ölçü götürəcəklər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları