https://www.zirve.edu.az/
10.02.2020 12:57
Akademik Zərifə Əliyeva adına liseyin şagirdi hazırladığı yeni robotu təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüşdə akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov hazırladığı yeni robotu təqdim edib.

AzEdu.az xəbər verir ki, fevralın 11-dən 13-dək ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələrdən biri də R.Bayramovun kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning”dir. Robot “Deep Learning”in köməyilə əkin sahələrində becərilən bitkilərin yoluxduqları xəstəlikləri və onların səbəblərini aşkar edə bilir. Həm mobil telefonun köməyilə idarə olunan, həm də özü-özünü idarə edə bilən bu robot 14 adda bitkini tanıyır, onların düçar olduqları 38 xəstəliyi və yoluxma səbəblərini araşdırmağı bacarır.

R.Bayramov robotu hazırlamaq məqsədindən danışaraq vurğulayıb ki, müasir dövrdə dünya əhalisinin qida tələbatının çox hissəsini kiçik və orta sahibkar fermerlər ödəyirlər. Onların üzləşdikləri əsas çətinlik əkin sahələrində bitkilərə yayılan müxtəlif növ xəstəliklər və ziyanverici həşəratlardır. Buna görə də bu layihə üzərində çalışmağı qərara aldım. Robotun hazırlanmasında 3D printerdən də istifadə edilib.

Qeyd edək ki, “Plant Disease & Cause Detection using Deep Learning”in elmi rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev xatırladıb ki, R.Bayramov Dubayda keçirilmiş “First Global Challenge 2019”da ölkəmizi təmsil edən milli komandamızın kapitanı olub. “İnfoMatrix-2018” beynəlxalq kompüter layihələri üzrə yarışlarda bürünc medala layiq görülüb. Kiyevdə keçirilmiş “GoldenByte 2018” və robototexnikaya, proqramlaşdırmaya həsr olunan digər beynəlxalq yarışlarda nailiyyətlər qazanıb.