https://www.zirve.edu.az/
06.02.2020 16:42
Valideynlərin imdadına çatan 146-2 “Qaynar xətti”- “Nə yaxşı ki, bu xidmət var, yoxsa...”

Təhsil Nazirliyi təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş verən fövqəladə hallarla bağlı 2019-cu ilin may ayında 146-2  “Qaynar xətt” ni istifadəyə verib.

“Qaynar xətt”in əsas məqsədi  fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul edir, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görür.

Müraciətlərə anında reaksiya verilib və  yaşanan problem aradan qaldırılıb.

Müraciətin ünvanlandığı təhsil müəssisələrindən biri də Bakı şəhəri 203 nömrəli tam orta məktəbdir.

Övladı həmin məktəbdə təhsil alan İlham NəsirovAzEdu.az-a açıqlamasında  146-2 “Qaynar xətt”inə müraciət etdiyini və onların məsələyə operativ reaksiya verdiyini söyləyib.

Müsahibimiz 146-2 “Qaynar xətt”inin fəaliyyəti haqqında məlumat verib:

“Oğlum 4-cü sinifdə təhsil alır və onun sinif yoldaşlarından biri dərs prosesinə mane olaraq,  düzgün olmayan hərəkətlərə yol verirdi.

Bütün sinif və valideynlər bu məsələdən şikayətçi idilər. Bununla bağlı direktora müraciət etdik , lakin bizim “dadımıza”  146-2 “Qaynar xətt” i çatdı.

Biz 146-2 “Qaynar xətti”nə zəng etdik.  Onlar  müraciətimizə operativ şəkildə  cavab verdilər və məktəbə gələrək,  məsələ ilə yaxından maraqlandılar.

“Qaynar xətt”in fəaliyyətindən çox məmnunam. Özləri zəng vuraraq,  məsələ ilə yaxından maraqlanırlar. İşin gedişatına mütəmadi şəkildə nəzarət edirlər. Təhsil Nazirliyi nə yaxşı ki, bu məsələyə biganə qalmadı”.

Qeyd edək ki, valideynin barəsində danışdığı hadisə bu cür cərəyan edib:

“Oğlum dərsdən sonra evə gedərkən məktəbin yaxınlığında digər şagird Cəfərov Abdulla tərəfindən fiziki xəsarət alıb. Daha sonra burnundan qan axaraq evə gəlib. Oğlum bir müddət öncə də C.Abdulla tərəfindən xəsarət almış, nəticədə qolu zədələnmış və əli sarğıya salınmışdı”.

Qeyd edək ki, məktəbin psixoloqu Əliyeva Fərqanə vaxtaşırı Abdullahla seanslar aparmış və nəticədə Abdullahı dəcəl, lakin saf uşaq kimi tanıdığını söyləyib:

“A.Cəfərov psixoloqun rəyinə uyğun olaraq, valideynin razılığı ilə  sinfinin dəyişdirilməsi və ya mütəmadi nəzarət altında saxlanması qərara alınıb”.

Daha sonra isə “Qaynar xətt” tərəfindən valideynlə əks-əlaqə yaradılıb. C.Abdullah 91 nömrəli məktəbə yerdəyişmə etdiyi məlumatı verilib. Bu halda valideyn heç bir şikayətinin olmadığını və övladının dərsə davam edəcəyini bildirib.

Bildiririk ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur. Eyni zamanda bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların araşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə ötən ilin may ayından 146-2 xüsusi hallar üçün “Qaynar xətt” xidməti fəaliyyətə başlayıb. 146-2 “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər yerində araşdırılır, müvafiq tədbirlər görülür. Məktəblərdə müəllim tərəfindən döyülən ya hansısa xoşagəlməz halla rastlanan şagirdlər bu “Qaynar xətt” xidmətinə müraciət edə bilərlər. Qeyd edək ki, 2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları