Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 17:20:00
Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodlar işləniləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olunub.

AzEdu.az xəbər verir ki, planı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” mövzusu üzrə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılacağını diqqətə çatdırıb.

O qeyd edib ki, elektron təhsil mühitinin intelektuallaşdırılması üzrə metodların işlənməsi, onun idarə edilməsi üçün Data Mining imkanlarının araşdırılması, fərdiləşməsi üzrə metod və alqoritmlərinin tədqiqi, eləcə də e-təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri, biliklərin idarə edilməsi üzrə metod və alqoritmlərin tədqiqi də bu istiqamətdə yerinə yetiriləcək işlər sırasındadır. Məruzəçi Bulud texnologiyasının əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin, eləcə də elektron tədris mühitində Big Data texnologiyalarının tətbiqinə dair araşdırmaların aparılacağını da vurğulayıb.

F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirləri diqqətə çatdırıb. O, informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə standartların araşdırılacağını da bildirib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim elektron təhsil mühitinin formalaşması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu sahədə beynəlxalq təcrübənin və yeni yanaşmaların tədqiqinin, o cümlədən mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd edib.

Fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.