https://www.zirve.edu.az/
03.02.2020 11:00
DİM  qəbul imtahanlarının müsabiqə şərtlərini AÇIQLADI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbulla bağlı müsabiqə şərtləri açıqlanıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanın məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər DİM tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu DİM tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir.

Ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. 

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 13-dək DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün təqdim olunan ödəniş üsullarından istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.

İki və ya daha çox ixtisas üzrə bakalavr təhsilinə malik olan şəxslər öz istəklərinə uyğun olaraq onlardan birini seçməli və həmin ixtisas üzrə təhsil almaları ilə bağlı məlumatları “Bakalavrın elektron ərizəsi”nə daxil etməlidirlər. Bakalavrlar yalnız ərizə qəbulu zamanı təqdim  etdikləri ali təhsil haqqında məlumatlarda (sənəddə) göstərilən ixtisasa uyğun olan qəbul proqramını və ixtisaslaşmaları seçə bilərlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahan fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanda ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Qəbul imtahanındakı nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bu bakalavrlar iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun olan proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra DİM tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

“ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən, qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini həmçinin Akademiya tərəfindən qoyulan ingilis dili üzrə tələbləri ödəyən bakalavrlar həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar mayın 5-dən 14-dək DİM-in internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, mayın 16-dan 18-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və mayın 19-dan 22-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid müvafiq qəbul proqramlarının ixtisaslaşmaları ilə yanaşı, nəzəri ixtisaslaşmaları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçmək istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 8-dən 18-dək keçiriləcək ixtisaslaşma seçiminə buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçmək istəyən bakalavrlar isə mayın 5-dən 14-dək Mərkəzin internet saytında qeydiyyatdan keçməli, 27–28 may tarixində “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və mayın 29-dan 31-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün DİM tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır. 

Qəbul və qabiliyyət imtahanlarında iştirak etmək üçün bakalavrın imtahana buraxılış vərəqəsi olmalıdır. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar fevralın 17-dən 22-dək "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhifəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini və bakalavr ərizəsində göstərilən şəxsiyyəti təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər.

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra, iyunun 8-dən 18-dək aparılır. 

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qəbul imtahanında ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçməlidirlər.

Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə onların imtahandan topladıqları bal əsasında aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir: ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG); ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal; xarici dil üzrə testdən toplanılan bal.  İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən yuxarıda göstərilən qaydada ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri DİM tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu təhsil müəssisəsinə (elmi təşkilata) təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində (elmi təşkilatda) qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılır. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 Bakalavr qadağan edilmiş hərəkətlərə yol verməsi halları DİM tərəfindən aşkar edildikdə onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.