Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-02 15:51:00
UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib - FOTOLAR
UNEC-də 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib.
 
AzEdu.az xəbər verir ki, qəbulda rektor, professor Ədalət Muradovla yanaşı, İctimai Nəzarət Şurasının üzvlərindən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, həmçinin universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
“Açıq qapı”da müraciətlər əsasən, təhsil haqqının ödənilməsi üçün möhlət hüququnun verilməsi, işlə təmin olunma, qaib limiti ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra qaydalara uyğun olaraq, onların həlli istiqamətində müvafiq struktur rəhbərlərinə tapşırıq verilib. Qəbulda imtahan sessiyasında tələbənin biliyinin qiymətləndirilməsi ilə bağlı yalnız bir müraciət olub. Rektor Ədalət Muradov həmin müraciətin apelyasiya komissiyası tərəfindən obyektiv və qaydalara uyğun araşdırılmasını tapşırıb.
Bu “Açıq qapı” günündə də imtahan prosesi ilə bağlı, demək olar ki, şikayətlərin olmaması İctimai Nəzarət Şurası üzvləri tərəfindən müsbət qiymətləndirilib. Şuranın üzvü Sahib Məmmədov bildirib ki, “Açıq qapı”da imtahanlar, tədris prosesi, müəllimlərlə bağlı şikayətlərin olmaması son illər UNEC-də həyata keçirilən məqsədyönlü islahatların nəticəsidir. “Görünən odur ki, gənc, yüksək təhsilli, savadlı kadrlar UNEC-də işləməyə can atırlar. Bu isə universitetdə yaradılmış sağlam mühitə görədir”, - deyə Sahib Məmmədov əlavə edib.
Qeyd edək ki, UNEC-də  2019/2020-ci tədris ilinin qış imtahan sessiyası əyani təhsil alanlar üçün yanvarın 31-də bitib. Növbəti həftə isə qiyabi təhsil alanların imtahanları başlayacaq.