
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə keçirilən bilik yarışmasının iştirakçıları Azərbaycanda intellektual rəqabətin əhəmiyyəti barədə fikirlərini paylaşıblar.
AzEdu.az-ın xəbərinə görə, “Turizm könüllüləri” komandasının üzvü Mirkənan Mənsurzadənin fikrincə, intellektual yarışmalar təkcə könüllülərin bir araya toplaşmasına deyil, həm də daha çox oxumağa, daha çox öyrənməyə, dünyagörüşün yüksəlməsinə xidmət edir:
“Ona görə də bu yarışmanı könüllülər hərəkatında daim tətbiğ edilməli olan çox yaxşı bir ənənənin başlanğıcı hesab etmək olar”.
“Könüllü gömrükçülər” komandasının təmsilçisi Günel Namazova isə yarışmanı daha çox qeyri-formal görüş ənənəsi, ünsiyyət vasitəsi və könüllülərin bir-birini daha yaxından tanıması üçün intellektual klub kimi xarakterizə edib.
“Eko könüllü” hərəkatının üzvü Şahnaz Gülmalızadə hesab edir ki, bilik yarışmasının ETSN-də təşkil olunması və ətraf mühitə aid sualların da qoyulması bir növ eko təbliğata yönəlib: “Məncə, digər sahələrdə özünü sınayan könüllülərdə də ətraf mühitə münasibətin formalaşması üçün nəsə bir iş görülmüş oldu”.
Qeyd edək ki, bu gün ETSN-də müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan bilik yarışması keçirilir. “Xəmsə” formatında təşkil olunan bilik yarışmasında 13 dövlət qurumunun könüllü komandası iştirak edir.
kitabı







