https://www.zirve.edu.az/
30.01.2020 13:55
Məktəblilər "NBA" Azərbaycan Yeniyetmələr Liqasında

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlan və qızların iştirakı ilə keçiriləcək NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimat mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberg, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov iştirak edib.

Mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin idmana diqqət və qayğısından danışıb. Azad Rəhimov bildirib ki, Azərbaycan idmanı gündən-günə inkişaf edir və idmanın mövcud maddi-texniki bazası basketbolun da tərəqqisinə imkan verir. Azad Rəhimov idmançılarımızın ötən il ərzində əldə etdiyi nailiyyətlərə də toxunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə keçiriləcək NBA Azərbaycan Yeniyetmələr Liqasının əhəmiyyətindən danışıb, bu layihənin məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsində, eyni zamanda istedadlı idmançıların üzə çıxarılmasında müsbət rol oynacağını qeyd edib. Firudin Qurbanov bildirib ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq. Yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsinin artacağını qeyd edən Firudin Qurbanov bu işdə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib.

Çıxış edən digər qonaqlar  layihə barədə öz fikirlərini bildirib, təşkilatçılara uğurlar arzu ediblər.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, rəsmi qonağa xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, liqanın oyunları cari ilin mart-may aylarında NBA sistemi və struktur quruluşuna uyğun müəyyən edilmiş qaydalar əsasında keçiriləcək. Layihə çərçivəsində ölkə üzrə oğlan və qızlardan təşkil edilmiş 30 komanda müəyyən ediləcək. (Azərbaycan müəllimi)