https://www.zirve.edu.az/
30.01.2020 11:38
 UNEC-in 24 yaşlı müəllimi – “Dərs demək çox möhtəşəm hissdir”-FOTOLAR

 

 

İsmayıl Əmirli ölkənin ən inkişaf etməkdə olan universitetlərdən birinin -UNEC-in gənc müəllimidir. Hələ 24 yaşı olmasına baxmayaraq, universitetin Zaqatala filialında çalışır; biznesin əsasları, menecment, marketinq və sosial sahələrin iqtisadiyyatı fənlərini tədris edir.

Təhsil dosyesi:İsmayıl Əmirli 2002 – 2013 cü illərdə Xaçmaz şəhər 1 №-li tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya ixtisası üzrə bakalavr səviyyəsinə qəbul olunub.     2017- ci  ildə UNEC-in magistratura səviyyəsində Kommersiya Fəaliyyəti ixtisası üzrə təhsilini davam  etdi

İsmayıl Əmirli  AzEdu.az-a müsahibəsi zamanı öncə keçirdiyi orta və ali  təhsil həyatından danışıb:

 

“Məktəb illərindən dərslərimə və bədii ədəbiyyata olan həvəsim sayəsində  “Xəmsə” və bir çox intellektual yarışlarda iştirak etmişəm. Universitetə daxil olduqdan sonra  ingilis dili biliklərimi təkmilləşdirdim, müxtəlif təlim və konfranslarda davamlı iştirak etdim. Eyni zamanda, ASAN Xidmətdə könüllülük, istirahət mərkəzində isə menecer kimi fəaliyyət göstərmişəm.  Magistraturaya qəbul olduqdan sonra kredit təşkilatında Problemli kreditlər üzrə Çağrı mərkəzində mütəxəsis vəzifəsində çalışdım. Daha sonra isə müxtəlif dil kurslarında İngilis dili  müəllimi işləmişəm. Hazırda ingilis və alman dilərində sərbəst danışıram”.

İsmayıl vurğulayır ki, nə zamansa müəllim kimi çalışmaq onun böyük arzusu olub:

“Müxtəlif sahələrdə çalışarkən beynimdə yalnız müəllim olmaq, insanları  dərindən mənimsəmək və natiq olmaq kimi düşüncələri özümə təlqin edirdim. İşlədiyim hər sahədə özümə lazım olan potensial bilik və bacarıqları topladım.  Magistraturanı bitirdikdən sonra elan edilən vakansiyaya müraciət etdim və İqtisad Universitetinin rektoru  Ədalət Muradov məni dəyərləndirdi. Hazırda UNEC-in Zaqatala filialında biznesin əsasları, menecment, marketinq və sosial sahələrin iqtisadiyyatı fənlərini tədris edirəm”.

Müsahibimiz müəllimlik peşəsini çox yüksək qiymətləndirir:

“Gənc yaşda müəllim olmaq  çox möhtəşəmdir. Hər bir sahənin olduğu  kimi müəllimliyin də müsbət və mənfi tərəfləri var. Düşünürəm ki,  insan işini sevdikdən sonra onun yalnız  müsbət tərəflərini görür: illərin təcrübəsini və biliklərini toplayan prefessorlarla ünsiyyətdə olmaq, hər gün Azərbaycanın gələcəyi olacaq tələbələrlə ünsiyyət və onlara hansısa bilikləri daha asan və sadə dillə çatdırmaq və onlarda iqtisadi bilikləri formalaşdırmaq, tələbələrin şəxsi inkişafına nail olmaları üçün yol göstərmək,  sosiallaşmaları üçün dəstək olmaq kimi  sözün həqiqi mənasında insana həzz verir.

Dərs prosesi zamanı auditoriyanın diqqətini cəlb etmək, daha dolğun, yeni və lazımlı informasiyanı tələbəyə yüksək səviyyədə çatdırmaq, onların iqtisadi biliklərini maksimum səviyyəyə yüksəltməyə diqqət edirəm.  Tələbələrlə münasibətdə daha humanist davranışları üstün tuturam. Onlarla “Qızıl orta”nı daim lazımı səviyyədə qoruyuram”.

Gənc müəllim   həmçinin universitetin tələbələrin həyatında təkmil rol oynayan  amil olduğunu da vurğulayır.

“Öyrətdiyim iqtisadi biliklərin tələbələrə harada, nə zaman və nə kimi yardımçı olacağını təlqin edirəm. Daha sonra onlarla  burada öyrəndikləri biliklərlərin tədqiqat yollarını izah edir, ən ideal formda  stimul verməyə çalışıram.

İqtisadi sahədə isə daha çox insan kapitalının inkişafına  üstünlük verirəm. Belə ki, insan kapitalının inkişafı iqtisadi yüksəlişə nail olmağın əsas şərtidir. Bu yöndə öz araşdırmalarımı və yeniliklərimi tətbiq edirəm”.

İsmayıl Əmirli qeyd edir ki,  bölgə universitetlərində təhsil almaq insanlar arasında  bir növ qorxu kimi səslənir:

“Bölgə universitetləri  Bakıdakı ali təhsil müəssisələri ilə tam  rəqabət apara biləcək səviyyədədir. Çox xoş  haldır ki, bölgələrdə universitetlər fəaliyyət göstərir. Bu həm həmin bölgənin sosial-iqtisadi durumuna, həm də daha çox insanın təhsil almasına şərait yaradır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları