Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 16:26:00
Olimpiada qızılını bircə bala görə itirən Murad: “12 saat oxuyurdum, alınmayanda alınmır”

Şagirdlərimiz 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

“11 beynəlxalq olimpiadada medal qazanmışam”

Bu, İnformatika fənni üzrə beynəlxalq olimpiada tarixində ilk qızıl medaldır.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Murad Ağazadə isə ölkəmizi Riyaziyyat üzrə təmsil edərəm gümüş medala layiq görülüb. Onu qızıldan cəmi 1 bal ayırıb:

“Bu, sayca iştirak etdiyim 13-cü beynəlxalq olimpiada idi. Bunların 11-dən medal qazanmışam. 5 gümüş, 6 bürünc medalın sahibiyəm.

Bu Beynəlxalq Jautikov Olimpiadasında keçən il də iştirak edib gümüş qazanmışdım.  Bu il hədəfim qızıl idi. Qızıla çox yaxın olsam da, onu 1 balla itirdim. Sonuncu gümüş medalı alan da elə mən idim...

Olur da... Alınmayanda alınmır...”

“1 bal artıq toplasaydım, qızıl medalın sahibi idim”

Murad Ağazadənin dediyinə görə, bu olimpiada Riyaziyyatdan 4 istiqamət üzrə olu: Cəbr, Həndəsə, Ədədlər nəzəriyyəsi və Kombinatorika:

“Azərbaycanlı şagirdlərin çətinliyi həmişə sonuncu bölmədə olur. 6 sualdan 4-nü həll etmişdim. Cavablaya bilmədiyim 2 sual isə Kombinatorikaya aid idi. Onlardan 1 bal artıq toplasaydım, qızıl medalın sahibi idim.

Ümid edirəm, məzun olanacan keçiriləcək 2 olimpiada da layiqincə iştirak edib, istədiyim nəticəni göstərəcəm.

Bilirsiz, bu olimpiadalarda iştirak etmək  xeyli zəhmət tələb edir. İlk beynəlxalq olimpiadada VIII sinifdə iştirak etmişdim. Normalda 8 saat dərs oxuyuruq. Olimpiadadan öncə isə bunu 12 saata çatdırmağa çalışırıq.  Komanda üzvləri toplaşıb müsabiqəyə birgə hazırlaşırıq”.

“Bu uğuru müəllimlərimə borcluyam”

Murad Ağazadənin hədəfi xaricdə təhsil almaqdır:

“Artıq bəzi universitetlərə baş vurmuşam. Ümid edirəm ki, müsbət qəbul cavabı alaram. Təqaüdlə təhsil almağı düşünürəm. Alınmasa, Azərbaycan universitetlərinə müsabiqədənkənar qəbul şansımdan istifadə edəcəyəm.

Bu uğuru müəllimlərimə borcluyam. Xüsusilə də Amerikada yaşayan, keçmiş olimpiadaçı Cəfər Cəfərovun keçdiyi online dərslərin çox önəmi oldu. Dərslərə X sinifdə başlamışdıq. O vaxta qədər iştirak etdiyim olimpiadalarda bürünc medal qazanırdım. Onun dərslərindən sonra isə bürüncü gümüş etdim.

Düzü, olimpiadada qızılı 1 balla itirəndə bir az məyus oldum. Ümid edirəm, məni daha yaxşı nəticələr gözləyir”.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları