Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 13:17:00
Paytaxt üzrə 7000-ə yaxın şagird olimpiadanın ilk mərhələsinə qatılıb

Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın şagird iştirak edib.

AzEdu.az xəbər verir ki, olimpiadaların şəhər mərhələsi yanvarın 12-də paytaxtdakı 16 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 276, Nərimanov rayonu üzrə 36, Nəsimi rayonu üzrə 46 və 54,  Nizami rayonu üzrə 32 və 229,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 310, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 138 və 245, Xəzər rayonu üzrə 124,  Yasamal rayonu üzrə 13 və 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçirilib.

IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb.

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu mərhələdə uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkar olunması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkənin bütün şəhər və rayonlarında keçirilib.