https://www.zirve.edu.az/
13.01.2020 10:39
İmtahanda bu səhvi edənlərin nəticələri „sıfır“ balla qiymətləndiriləcək-  Məzmun və şərtlər

Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və şərtləri açıqlanıb.

 DİM-dən  AzEdu.az-a verilən məlumata görə imtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə vaxt ayrılır.

İmtahanda xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:

  1. Oxuyub-anlama bloku

Mətnlərin sayı: 2 ədəd (biri 10, digəri 5 qapalı formalı tapşırıqdan ibarət olmaqla);

Mətnlərin həcmi: 250-500 söz;

  1. Dinləyib-anlama bloku

Mətnlərin sayı: 2 ədəd (hər biri 5 qapalı formalı tapşırıqdan ibarət olmaqla);

Mətnlərin həcmi: 200-350 söz;

  1. Yazı bloku

Bir tapşırıqdan ibarətdir:

  1. a) verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və yekundan ibarət olan essenin yazılması (həcmi 200-250 söz).

Yazı işində namizədlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş namizədlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcəkdir.

  1. Dildən istifadə bloku

Magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində 15 ədəd qapalı və açıq formalı leksik-qrammatik tapşırıq.

Namizədlərin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

Yaxın günlərdə doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki,  proqram bu ilin qəbul imtahanı üçün hazırlanmışdır. Növbəti illərdə danışma blokunun əlavə olunması ilə proqramda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Ayşə MÜSEYİB