Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 16:15:00
Harvardda oxuyan, Eynşteyn səviyyəsində olan, 7 dil bilən ulduz futbolçular-MARAQLI

Futbol həyatımıza rəng qatan, uşaqdan böyüyə hər kəsin izlədiyi ən məşhur idman növlərindəndir. Futbolçular və baş məşqçilər də bu oyunun əsas “aktyor”larıdırlar. Hər birimizə məlumdur ki, futbol dünyasından olan şəxslərin çoxunun təhsili yoxdur. Ancaq istisnalar da var:

AzEdu.az futbol cameəsinin təhsil və savadları ilə adından söz etdirən məşhur nümayəndələrini təqdim edir:

“Çelsi”  klubunun baş məşqçisi, bir zamanların məşhur futbolçusu Frenk Lempard ən yüksək IQ göstəricisi olan insanları bir araya gətirən “Mensa” birliyi tərəfindən edilən testə görə 150 IQ balının sahibidir.

(Nəzərə alaq ki, Eynşteynin IQ səviyyəsi 160 olub) Universitet məzunu olmasa da,  prestijli məktəblərdən sayılan Brentvud Məktəbini (Brentwood College School) çox yüksək ortalama balla bitirib. Buna görə də komanda yoldaşları Lempardı “professor” adlandırırdı.

Bir başqa “professor” ləqəbli futbol adamı isə “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerdir. Futbolçu keçmişi çox parlaq olmasa da, gənc ulduzları kəşf etməsi ilə ad qazanmış Venger Strasburq Universitetinin “İqtisadiyyat” fakültəsinin məzunudur. Arsen Venger eyni zamanda 7 fərqli dildə danışa bilir.

Adını antik dövr yunan filosofunun adından götürmüş, dünya və Braziliya tarixinin ən böyük futbolçularından hesab olunan Sokrates adaşı kimi olmasa da, o da ətrafı üçün filosof sayılıb. Siyasətdə də nüfuz qazanmış Sokrates fəlsəfə doktoru elmi dərəcəsinin sahibi idi.

Xorvatiya millisinin kapitanı olmuş, hazırda fəaliyyətini məşqçi kimi davam etdirən Slaven Biliç hüquq fakültəsi məzunudur. Xorvat, ingilis, alman və italyan dillərini bilir.

“Mançester Yunayted” klubunun şərəfini qoruyan məşhur yarımmüdafiəçi Xuan Mata Madridin Kamilo Xose Selo Universiteti “Jurnalistika” fakültəsinin məzunudur.

“Barselona”lı ulduz Cerard Pike isə hazırda təhsilini dünya nəhənglərindən sayılan  Harvard Universitetində davam etdirir.  Məşhur futbolçu Harvard Universitetində magistr dərəcəsi üzrə təhsil alır.

Turan OSMANLI