https://www.zirve.edu.az/
08.01.2020 13:59
Rektorun 2020-ci illə bağlı hədəfləri– “Tələbələr istədiyi təhsili ala bilmirlər, ona görə də... ”

“Tələbələr müəllimlərdən istədiyi təhsili ala bilmirlər. Onlar üçün dərs prosesi maraqsız olur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev deyib.

O, universitetin 2020-ci ilin ilk rübü üçün əsas hədəflərini oxucularla bölüşüb:

“Texniki Universitet  modeli dünyada qəbul edilən  modeldir. Bu model tədris  və elmi tədqiqatların aparılması   və müasir  nəticələrin  yetərli olmasına əsaslanır.  Texniki Universitet modelinin  əsas məqamlarından biri    aparılan tədqiqat və  tədrisin əmək bazarına uyğun olmasıdır.

Texniki Universitetin əsas istiqaməti onun  sənayeyə təsiri ilə  ölçülür. Mənim hədəflərimdən biri də Azərbaycan Texniki Universitetinin  müasir trendlər səviyyəsində  inkişafına nail olmaqdır.  Çünki AzTU  elmlərin və texnologiyaların kəsişməsindən formalaşan   tədqiqatları dəstəkləməlidir. Belə ki,  elmi tədqiqatı dəstəkləməyən  universitetlərin  modeli kifayət qədər  deformasiyaya uğrayıb.

Universitetlərin inkişaf tarixinə baxdıqda texniki universitetlərdə   elm, təhsil  və praktikanın  inteqrasiyası ilə bağlı  müəyyən trendlər formalaşıb. 1950-ci illərə qədər   praktika daha önəmli idisə ,80-ci illərdə  elmi tədqiqatlar   praktikanı qabaqladı.Lakin 80-ci illərdən sonra  elmi texniki inkişafla bağlı  olan təsir artıq praktikaya yönəlməyə başladı.

Bu gün praktikada  mühəndis təhsili  çox önə çıxır.Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz əvvəlki təcrübələr ilə birlikdə yeni inkişaf mərhələsinə qədəm qoymalıyıq.Mühəndis təhsilinə  yeni yanaşmanı gətirməliyik.Elm və praktikanın  optimal  münasibətini tapmalıyıq.Tədqiqatlar aparmalı və  tələbələri elmi-texniki təcrübələrə cəlb etməliyik.   Bu proseslər Azərbaycanda sənayenin inkişafı ilə  dəstəklənməlidir”.

Vilyət Vəliyev AzTU-nun gələcək hədəflərindən və universitetin yerinə yetirməli olduğu digər məsələlərdən söz açıb: 

“Biz universitetin biznes modelini ortaya qoymalıyıq.Bu çox önəmli bir məqamdır.Bu istiqamətdə  müsbət yöndə addımlar atmışıq.Mən ötən il sənaye müəssisələrini ziyarət etdim.Həmin müəssisələrdə  bizim universitetin filialları  yaradılmalıdır.Artıq bir neçə sənaye müəssisəsi ilə razılığa gəlmişik.2020-ci ilin birinci rübü ərzində onların bir neçəsinin açılmasının şahidi olacayıq.

İkinci əsas məsələ ondan ibarətdir ki,  müəllim və tələbələrin  münasibətində optimallıq qorunmalıdır.Bu gün müəllim və tələbələrin ünsiyyətində radikallıq hökm sürür. Bunu  aradan qaldırmaq lazımdır. Bu radikallığın əsas səbəbi ondan ibarətdir ki,  bu gün tələbələr gözlədikləri təhsili ala bilmirlər. Çünki tələbələrin daha çox informasiyası olur. Bizim yaşlı nəsil müəllimlərimizin  informasiyaları azdır. Amma bu o demək deyil ki, yaşlı nəsil  bizə lazım deyil. Hər iki  tərəf müəyyən qədər haqlıdır. Tələbələr müəllimlərdən istədiyi təhsili ala bilmirlər. Onlar üçün dərs prosesi maraqsız olur.

İkinci problemimiz  doktorant və magistrlarla bağlıdır. Bu səviyyələrdə olan tələbələrimiz  elmi tədqiqatlarla qarşılaşa bilmirlər. İkinci bir tərəfdən bu da  tələbələrlə müəllimlər arasında   məsafəni artırır. Mən doktor tələbələrimlə uzun müddətdir, işləyirəm, həyatım onlarla keçir. Bu gün doktor tələbəmdən aldığım  biliyi heç kimdən ala bilmirəm. Tələbələrə müzakirələrin nəticəsi olaraq   onlara məsləhətlər verirəm. Bizim doktor və professorlarımız  klassik mühəndis təhsilinin  yetirmələridir və onların bilikləri heç kimdə yoxdur. Biz onlardan istifadə etməliyik. Bu gün  elmi tədqiqatların  nəticələrində   mütləq  yaşlı nəsildən məsləhət alınmalıdır. Yaşlı nəsil isə öz növbəsində   elmi-texniki tərəqqinin inkişafı ilə bağlı formalaşan informasiyalardan xəbərdar olmalıdır. Bunun da ən yaxşı daşıyıcıları tələbələrdir”.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru təyin edilən Vilayət Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları