Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 12:52:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ilin son ayında 8152 müraciət daxil olub  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (+99412 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin dekabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən AZEdu.az-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 8152 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1073 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4432 vətəndaş müraciəti daxil olub. Sorğularına uyğun olaraq 211 vətəndaş elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 2010 sənəd (vətəndaşlar tərəfindən 610 ərizə, Təhsil Nazirliyindən 205, digər qurumlardan 284, məktəblərdən 526 məktub, 42 strukturdaxili yazışma və 343 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 426 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Qeyd edək ki, dekabr ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 7 rayonu (Nərimanov, Nizami, Nəsimi, Qaradağ, Yasamal, Səbail və Binəqədi rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.