Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-03 11:23:00
Astaralı şagirdin ordumuz üçün hazırladığı mühəndis-istehkam cihazı “İdeya çempionu” adına layiq görülüb- FOTO

Bu yaxınlarda Azərbaycan-Britaniya Kollecinin təşkil etdiyi STEAM layihəsi üzrə 5-ci sərgidən astaralı məktəblilər 4 medalla qayıdıblar. Sərgidə qızıl və gümüş medallarla yanaşı, 8-ci sinif şagirdi Elnur Məmmədlinin hazırladığı “Ponqolin” robotu həm qızıl medala, həm də “İdeya çempionu” adına layiq görülüb.

AZEdu.az  xəbər verir ki, Azərbaycan-Britaniya Kollecində hər il olduğu kimi, bu ildə ənənəvi olaraq Bilik sərgisi keçirilib. Builki sərgi sistem mövzusuna həsr edilib. Şagirdlər dərslərdə öyrəndikləri nəzəri bilikləri bu sərgidə praktiki olaraq həyata keçiriblər. İştirak edən gənc ixtiraçılar arasında beynəlxalq və özəl məktəblərin şagirdləri də olub. Son illər davamlı uğurlar qazanan Astara rayon Təhsil Şöbəsi 2019-cu ilin sonunda aktivinə daha 4 medal əlavə edib. Belə ki, rayon məktəbliləri STEAM üzrə 5-ci sərgidə iki qızıl və iki gümüş medala layiq görülüblər.

Əzizağa Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin müəllimi Həbib Əlizadə sərgiyə qatılmalarını Astara təhsilinin böyük uğuru hesab edir: “Əslində iki qızıl medal qazanacağımızı gözləmirdik. Bu uğur bizim üçün gözlənilməz oldu. Şagirdlərimizin ideyalarının Bakının beynəlxalq və özəl məktəbləri arasında qızıl medala layiq görülməsi bizi çox sevindirdi. Astaranın kənd məktəblərinin uğuru rayonumuzun təhsil ictimaiyyətini və bizi çox sevindirdi. Qızıl və gümüş medallar rayon təhsilinin tarixinə yazıldı. Bu, şagirdlərimizin uğurudur. Onlara bir müəllim kimi təşəkkür edirəm”.

Qapıçıməhəllə kənd ümumi orta məktəbin 8-ci sinif şagirdi Elnur Məmmədlinin sərgidə nümayiş etdirdiyi “Ponqolin” robotu ona həm qızıl medal, həm də “İdeya çempionu” adını qazandırıb: “Robot “Ponqolin” mühəndis-istehkam cihazıdır. O, minaaxtaran və zireh daşıyan texnikadır. Bu texnika əsasən minalanmış ərazini zərərsizləşdirir. Hazırladığım bu cihazın zirehi ikiqatdır. Uzaqdan düşmən snayperləri ona atəş açanda zədələnmir. Əksinə, düşmən tankını görən kimi avtomatik olaraq özünü tam “gizlədə” bilir. Ordumuz üçün hazırladığım bu robotun imkanları çox genişdir. Gələcəkdə bu, hərbi cihazı daha da təkmilləşdirmək olar”.

Sərgidə ikinci qızıl medalı isə Astara rayon Lovayın kənd tam orta məktəbin 6-cı sinif şagirdi Salih Atakişizadə qazanıb. Salih deyir ki, ona bu xüsusi bacarıq babasından ötürülüb. Kiçik yaşlarından usta olan babasına çox kömək edib: “Düzəltdiyim FHN gəmisidir və özünəməxsusluğu ilə seçilir. Bu gəminin əsas məqsədi neft platformalarında əgər yanğın baş verərsə, onu tez söndürə bilir. Gəminin altında böyük su boruları var. Altından suyu çəkdikdən sonra o suyu müəyyən olunan yerə səpə bilir. Gəminin sərgidə çox bəyənilməsi məni çox sevindirir”.

Qeyd edək ki, Azərbaycan-Britaniya Kollecinin təşkil etdiyi STEAM üzrə 5-ci sərgidə iştirak edən digər iki gümüş qazanan məktəblilər M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin şagirdləri Saleh Məmmədov və Sadiq Məmmədov qardaşlarıdır. Gümüş mükafatçılar Saleh Məmmədov “kubik-rubik” robotu, Sadiq Məmmədov isə “məsafəölçən sensorlu maşın” robotu ilə sərgidə çıxış ediblər.

STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. (Azərtac)