Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 16:20:00
BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb  

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

AzEdu.az xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranması, fəaliyyət istiqamətləri və universitetdə mövcud olan fakültələr haqqında məlumat verib. Rektor spesifik sahə üzrə yeganə təhsil ocağı olan Polis Akademiyası ilə görüşün əhəmiyyətindən bəhs edib və bu ildən akademiyada “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlanılmasını yüksək qiymətləndirib. Eyni zamanda, rektor iki təhsil ocağı arasında mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə sahələrində nəzəri biliklərin artırılması məqsədilə mütəxəssislər hazırlayan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Polis Akademiyasının rəisi Nazim Əliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti və strukturu haqqında ətraflı danışıb. BMU ilə Polis Akademiyası arasında əlaqələrin vacibliyini önə çəkən N.Əliyev kompüter mühəndisliyi və proqramlaşma biliklərinə malik olan mütəxəssislərə ehtiyac olduğunu bildirib, dövlətimizə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin daha da artırılmasının vacibliyini nəzərə çatdırıb. BMU-nun informasiya texnologiyaları sahəsində yüksək maddi-texniki bazaya, kadr potensialına malik olduğunu da qeyd edən N.Əliyev birgə əməkdaşlığın önəmini vurğulayıb. 

 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

 Sonra BMU-nun Sistem mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri “Süni intellekt nədir?”,  “OpenCv və tətbiq sahələri”, “Üz və emosiyanın tanınması” mövzularında, eləcə də kibercinayətkarlığın qarşısının alınması üçün tətbiq olunan proqramlarla bağlı təqdimatla çıxış ediblər. 

 Daha sonra BMU ilə Polis Akademiyası arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə saziş imzalanıb.

 Sənəddə tərəflərin tələbə və professor-müəllim heyəti üçün təhsil və elmi-tədqiqat, eləcə də mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması üçün mövcud imkanlara dəstək verilməsi öz əksini tapıb. Belə ki, sazişə uyğun olaraq, təlim prosesi və elmi-tədqiqat fəaliyyətlərini təmin etmək üçün məlumat mübadiləsi həyata keçiriləcək, birgə görüşlər, simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər təşkil olunacaq. Bundan başqa, akademik elmi-tədqiqat və digər sahələrdə layihələrin, tədris proqramlarının (bakalavriat, magistratura və PhD üzrə) hazırlanması və həyata keçirilməsi məqsədilə əməkdaşlığın aparılması, PhD sahəsində təhsil alan tələbələrin fəaliyyətinə birgə elmi rəhbərlik edilməsi də nəzərdə tutulub. 

 İmzalanma mərasimindən sonra qonaqlar universitetdə fəaliyyət göstərən İKT və Kompüter laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar.