Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 17:55:00
“Məktəb seminarları” davam edir

2019-2020-ci tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Xətai rayonunun ümumtəhsil məktəblərini əhatə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, “Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub. İdarə müdiri, həmçinin 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının idarə olunması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Qeyd edək ki, “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumtəhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etməkdir. Həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.