Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 13:56:00
Üçrəngli bayrağımız qürur mənbəyimizdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, tədbirdə marş sədaları altında Dövlət Bayrağı tələbələr tərəfindən səhnəyə gətirilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin psixoloqu Zemfilə Hüseynova diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı öz müstəqilliyini çox çətinliklər bahasına qoruyub saxlayıb, dövlət atributlarını yaradıb və dünyaya tanıdıb. Bu gün Azərbaycan bayrağı beynəlxalq arenalarda dalğalanır.

Dövlət Bayrağı Gününə tarixinə həsr olunan videoçarx nümayiş olunub. Tədbirdə mərkəzin tələbələrinin hazırladığı bədii kompozisiya təqdim edilib.

Sonda çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov qeyd edib ki, milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının təcəssümüdür, üçrəngli bayrağımız qürur mənbəyimizdir.