Azedu.az

AzMİU tələbələri İstanbulda strateji təcrübə proqramında- FOTOLAR

Ali təhsil

22 İyul 2026, 10:48
AzMİU tələbələri İstanbulda strateji təcrübə proqramında- FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Türkiyənin aparıcı kommunal xidmət qurumlarından biri olan İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı İstanbul Su və Kanal İdarəsində (İSKİ)
təşkil olunan beynəlxalq yay təcrübə proqramında iştirak edirlər. Proqram Azərbaycanın su təsərrüfatı, kanalizasiya və ekoloji infrastruktu sistemlərinin modernləşdirilməsi istiqamətində həyata keçirilən strateji hədəflər fonunda xüsusi əhəmiyyət daşıyır.

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə bu sahədə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini, müasir texnologiyaların tətbiqini və yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasını prioritet vəzifələr kimi müəyyənləşdirib. Bu baxımdan AzMİU tələbələrinin İSKİ-də qazandıqları praktiki təcrübə gələcəkdə ölkəmizdə həyata keçiriləcək mühüm layihələr üçün peşəkar insan resurslarının formalaşdırılmasına xidmət edir.

Təcrübə proqramına AzMİU-nun bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri cəlb olunublar. Proqramda İnşaat mühəndisliyi, Şəhər infrastrukturunda ağıllı texnologiyalar, Su ehtiyatlarının idarə olunması və
mühafizəsi, Meliorasiya sistemləri, Tullantıların emal texnologiyaları və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Dünyanın ən böyük şəhərlərindən biri olan İstanbulun su və kanalizasiya infrastrukturunu idarə edən İSKİ-də keçirilən təcrübə tələbələrə nəzəri biliklərini real istehsalat mühitində tətbiq etmək imkanı yaradır. Onlar şəhər miqyasında su təchizatı sistemlərinin idarə olunması, içməli suyun
hazırlanması və paylanması, tullantı sularının toplanması və təmizlənməsi, yağış sularının idarə olunması, ekoloji təhlükəsizlik, rəqəmsal monitorinq və ağıllı idarəetmə texnologiyalarının tətbiqi sahələrində qabaqcıl beynəlxalq təcrübə ilə tanış olurlar.Proqramın ilk mərhələsində tələbələrə İSKİ-nin fəaliyyəti, şəhər infrastrukturunun idarə edilməsində rolu və müasir su təsərrüfatı sistemləri barədə təqdimatlar keçirilib. Eyni zamanda iştirakçılar peşəkar inkişaf yönümlü peşə hazırlığı proqramına qoşulub, əmək təhlükəsizliyi və sağlam
iş mühitinin təşkili ilə bağlı təlimlərində iştirak ediblər.

Təcrübə çərçivəsində tələbələr İstanbulun mühüm su və kanalizasiya infrastrukturu obyektlərinə səfərlər edirlər. Ataköy Yüksək Bioloji Tullantı sularının təmizlənməsi qurğusu və İkitelli içməli suyun təmizlənməsi qurğusu kimi strateji müəssisələrdə onlar müasir bioloji tullantı su təmizləmə texnologiyaları, içməli suyun hazırlanması prosesləri və iri infrastruktur obyektlərinin idarə olunması mexanizmləri ilə yaxından tanış olurlar. Bununla yanaşı, proqram iştirakçıları İstanbul Su və Nəzarət Avtomatlaşdırma Mərkəzində su və kanalizasiya şəbəkələrinin real vaxt rejimində monitorinqi, operativ idarə olunması və rəqəmsal nəzarət sistemlərinin tətbiqini öyrənirlər. Tələbələr üçün təşkil ediləcək “Sudan səmərəli istifadə və su mədəniyyəti” seminarında isə su ehtiyatlarının səmərəli idarə olunması, su itkilərinin azaldılması və dayanıqlı su istehlakı prinsipləri barədə geniş məlumat veriləcək. Proqram yalnız peşəkar biliklərin artırılması ilə məhdudlaşmır.

Tələbələr İstanbulun zəngin tarixi və mədəni irsi ilə də tanış olurlar. Miniatürk və Panorama 1453 Tarix Muzeyi, Terkos Su Sivilizasiyaları Muzeyi, Kirazlı Bəndi və Əyri Kəmər tarixi su kəmərinə təşkil olunan ekskursiyalar iştirakçılara şəhərin əsrlər boyu formalaşmış su idarəçiliyi ənənələrini və mühəndislik irsini yaxından öyrənmək imkanı yaradır. Tələbə qrupuna rəhbərlik edən AzMİU-nun Beynəlxalq ortaq təhsil proqramlarının idarə edilməsi sektorunun müdiri Könül Şirinova və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev tərəfindən İSKİ-nin Təhsil Şöbəsinin, Xarici Əlaqələr Şöbəsinin rəhbərləri və İnsan resursları və təlim departamentinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı AzMİU ilə İSKİ arasında uğurla davam edən əməkdaşlığın daha da genişləndirilməsi, tələbə və əməkdaş mübadiləsinin inkişaf etdirilməsi, birgə təlim və təcrübə proqramlarının təşkili, eləcə də su
təsərrüfatı və şəhər infrastrukturu sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub. AzMİU rəhbərliyinin salamları İSKİ rəhbərliyinə çatdırılıb, göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkür ifadə edilib.
İyulun 25-dək davam edəcək proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, iqlim dəyişiklikləri, urbanizasiya və su ehtiyatlarının idarə olunması ilə bağlı qlobal çağırışların artdığı müasir dövrdə su təsərrüfatı, kanalizasiya, yağış sularının idarə olunması və ekoloji təhlükəsizlik sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması strateji əhəmiyyət daşıyır. AzMİU-nun beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyi bu kimi proqramlar tələbələrin qlobal təcrübə qazanmasına, müasir mühəndislik yanaşmalarını mənimsəməsinə və Azərbaycanın gələcək infrastruktur layihələrində iştirak edəcək peşəkar kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.

Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi
Son xəbərlərDaha çox