Bu gün Azərbaycan milli mətbuatının doğum günüdür. Bu gün həm də sözə vicdanla yanaşan hər jurnalistin özünə hesabat günüdür.
Bizi 1875-ci ilin 22 iyulundan düz 151 il ayırır. O gün Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nömrəsi ilə millətin düşüncəsinə ilk toxumu səpdi.
151 il keçdiyimiz yola nəzər yetirirsən, yüzlərlə qəzet yaranıb, minlərlə jurnalist bu peşəyə gəlib. Çox media qurumu tarixə çevrilib, bəzilərinin adı belə unudulub. Amma “Əkinçi” unudulmayıb. Səbəb çox sadədir, onun ömrünü kağız müəyyən etməyib. Zərdabinin ömrünü ideya uzadıb.
“Əkinçi”nin səpdiyi toxumlardan milli düşüncə cücərdi, istiqlal arzusu boy verdi. 1918-ci ildə qurulan Cümhuriyyətin mənəvi köklərində Zərdabi qələminin izi var. Dövlət əvvəlcə insanın beynində yaranır. Beyni oyadan sözdür, sözü oyadan isə vicdan...
Zərdabi vicdanı olan sözün müəllifi idi. O deyirdi ki, xalqa xidmət etməyi qarşıya məqsəd qoymusansa, heç kimdən “sağ ol” gözləmə. Bu ifadə Azərbaycan jurnalistikasının əxlaq konstitusiyası idi.
Zərdabi təmənnasızlığın məktəbini yaratdı.
151 ildə dünya dəyişdi. Qəzetlərin tirajı azaldı, klassik jurnallar əvvəlki gücünü itirdi. Televiziyalar internetlə yarışmağa başladı. Sosial şəbəkələr informasiya axınının istiqamətini dəyişdi. Süni intellekt xəbərlər yazmağa başladı.
Amma bir həqiqət dəyişmədi. Bu, Zərdabi vicdanıdır. Bəli, texnologiya medianın formasını dəyişə bilər, vicdanını isə heç vaxt dəyişə bilməz.
Zərdabi xarakter yaratdı, qəzetində millətin vicdanını dərc etdi. “Əkinçi” xalqın özünə yazdığı ilk məktub idi. İndi də hiss olunur ki, Zərdabinin qələmi həmişə məsuliyyətlə yazıb.
İllərdir ki, bir sual səslənir: Zərdabi bu gün yaşasaydı, nə yazardı?
Bəlkə də bu sualın özü yanlışdır. Əsl sual belə olmalıdır, biz bu gün Zərdabinin yazacağı cəsarəti göstərə bilirikmi? Axı Zərdabi həm də bir meyar idi. O meyar dəyişməyib. Düzünü desək, ona uyğunlaşmaq çətinləşib.
Bu gün çox olmasalar da, Zərdabilər var. Hər redaksiyada bir Zərdabi güzgüsü olmalıdır. Hər jurnalist hər yazıdan əvvəl o güzgüyə baxmalıdır. Orada vicdanını görməlidir. Əgər həmin güzgüdə Zərdabinin baxışlarını görə bilirsə, deməli, doğru yoldadır.Azərbaycanı sevməyin min yolu var. Amma o yolların ən işıqlısı Zərdabinin yoludur.
Bilirsiniz niyə? Vətəni sevmək onu tərifləmək anlamına gəlmir. Vətəni sevmək onun dərdini öz dərdin bilmək, susmağın rahatlığını yox, danışmağın məsuliyyətini seçmək, hər gün yenidən Əkinçi olmaqdır.
Bəli, bu gün Azərbaycan milli mətbuatının, həm də vicdanın bayramıdır.
Milli mətbuatın əsl yaşı həqiqətə sədaqətlə ölçülür. 151 yaşlı “Əkinçi” də, 189 yaşlı Zərdabi də buna görə bu qədər gənc görünür. Həqiqətlə qocalmır köhnəlmir. Həqiqət və vicdan Vətəni sevməkdir.
Azərbaycanı sevməyin bir adı da Zərdabidir.