Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-26 16:11:00
AMEA akademiklərinin yeni prezidentdən gözləntiləri: “Ramiz müəllim buranı zirvələrə qaldıracaq”

 

Bir neçə gün öncə Prezident İlham Əliyev  Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AMEA-nın akademik-katibləri AzEdu.az-a açıqlamalarında akademiyanın gələcək hədəfləri haqqında fikirlərini bölüşüblər.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, filologiya üzrə fəlsəfə doktoru, akademik Teymur Kərimli yeni prezidentin elmin inkişafında böyük işlərə imza atacağını vurğulayıb:

“Ramiz Mehdiyev görkəmli alimdi. Onun akademiyaya rəhbərlik etməsi bizim fundamental elmimizin gələcəyinin yüksək səviyyədə inkişafını təmin edəcək. Ramiz müəllimin dövlətçilik sahəsində yüksək təcrübəsi və Azərbaycan dövlətinin inkişafındakı xidmətləri onun elm sahəsinə də böyük töhfələr verməsinə yardımçı olacaq. AMEA-da akademik Akif Əlizadənin başlatdığı islahatlar  akademik Ramiz Mehdiyev tərəfindən  daha da yüksək zirvələrə qaldırılacaq. Akademiya inkişaf edəcək və onun həyatında yeni bir mərhələ başlayacaq.

Yeni ideyalar və islahatların aparılmasını rəhbərlik müəyyən edəcək. Biz burada icraçıyıq. Humanitar elmlər bölməsinin akademik-katibi kimi Ramiz müəllim hansı vəzifələri qarşımıza məqsəd  qoysa, onu yerinə yetirəcəyik”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Fəxrəddin Qədirov Ramiz Mehdiyevin təyinatının akademiya üçün çox uğurlu bir seçim olduğunu vurğulayıb.

“Ramiz Mehdiyev akademiyanın Ümumi Yığıncağında prezident seçilib. Akif müəllim onun namizədliyini irəli sürüb. Mən də həmin iclasda bir akademik-katib kimi öz səsimi verdim. Ramiz Mehdiyev çox bilikli akademikdir. Onun akademiyada olmağı buranın inkişafına yol açacaq. Akif müəllimin  dövründə də elmi məqalələrin sayı artmış, xaricdə nəşr olunan  kitabların sayı isə çoxalmışdı. Biz artıq bütün dünya elminə inteqrasiya etməyə hazırlaşırıq.

Mən hesab edirəm ki, Ramiz müəllimin dövründə də  bu ideyalar inkişaf etdiriləcək. Biz hamımız onu gözləyirik ki,  işlərimiz daha yüksək səviyyədə həyata keçirilsin. Ramiz müəllimi illərdir, tanıyırıq. O, davamlı olaraq  bizim akademiya ilə təmasda olub. Bizim başladığımız bu xeyirxah işlər Azərbaycan elmi üçün  daha da yüksək səviyyədə yerinə yetiriləcək.

Bizim hər zaman təklifimiz ondan ibarət olub ki, Azərbaycan üçün böyük rol oynayan  elmi və fundamental-tətbiqi tədqiqatlarla məşğul olaq. Biz bu istiqamətdə iş aparırıq. Ümid edirəm ki, bu məsələ Ramiz Mehdiyevin də diqqətində olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları