Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 16:08:46
Elmi məzuniyyət barədə nələri bilmirik?- Maksimal müddət, əmək haqqı və s. -TƏHLİL  

Elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər iş müddətində elmi məzuniyyət götürə bilərlər.

Bu, həmin şəxslərin elmi potensialının artırılmasına yardım etməklə bərabər onun inkişafına da kömək edir.

AzEdu.az xəbər verir ki, elmi məzuniyyət ilk olaraq qanunvericiliklə tənzimlənir. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 118-ci maddəsində əksini tapıb. Həmin maddədə elmi məzuniyyəti hansı zaman kəsiyində götürməyin şərtləri qeyd olunub.

Qanundan çıxarış

Qanunda bildirilir ki, pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə, bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa),uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara, təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə, sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə, elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə, müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə 56 təqvim günü müddətində elmi məzuniyyət verilir.

Həmçinin, uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqla metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərin məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə, məşqçi müəllimlərə, elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə 42 təqvim günü müddətində elmi məzuniyyət verilir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi və Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi Əminağa Sadıqov AzEdu.az-a açıqlamasında  bildirib ki, alimlərin elmi məzuniyyəti Əmək Məcəlləsi və qanunvericiliklə tənzimlənir:

“Elmi məzuniyyətlər elmi dərəcələrə görə bir-birindən fərqlənir. Elmlər doktoru elmi dərəcəsi olanlara stajından asılı olmayaraq 56 təqvim günü müddətində icazə verilir. Fəlsəfə doktoru elmi dərəcəsi olanlara 42 təqvim günü müddətində məzuniyyət verilir. Digər şəxslərə isə əmək məzuniyyəti neçə gündürsə, o müddətdə güzəşt edilir və həmin şəxslərin elmlə məşğul olmalarına əlavə şərait yaradılır.

Ödənişli məzuniyyətlərin verilməsinə gəldikdə isə məsələn, elmlər doktoru dissertasiyasını yekunlaşdırmaq üçün 3 ay müddətində elmi məzuniyyət verilir. Mən doktorluq dissertasiyamı müdafiə etdiyimdə elmi şuranın qərarı əsasında rəhbərlik mənə yaradıcı işlə məşğul olmaq üçün 3 ay məzuniyyət vermişdi. Fəlsəfə doktoru dissertasiyasını yekunlaşdırmaq üçün isə 1 ay yarım müddətində məzuniyyət verilir.

Hər hansı tədqiqat aparmaq üçün xarici ölkəyə uzunmüddətli təcrübə toplamağa göndərildikdə isə həmin şəxslərin əməkhaqları olduğu qaydada saxlanılır. Elmi fəaliyyətin aparılması üçün bu tip stimullaşdırıcı tədbirlərə əl atılır. Əgər  həmin elmi məzuniyyət o şəxsin potensialının yüksəldilməsinə yönəlibsə, buna qanunvericiliyimiz geniş imkanlar açır”.

Milli Məclisin Elm və Təhsil kommitəsinin üzvü və Millət Vəkili Kamilə Əliyeva qeyd edib ki,  elmi məzuniyyətlərin verilməsi işi ilə icraedici orqanlar məşğul olur:

“İdarələr, universitetlər  öz daxili nizamnamələrinə uyğun olaraq elmi məzuniyyətləri tənzimləyirlər.

Mən Elm və Təhsil Komitəsinin üzvü olaraq deyə bilərəm ki,  elmi işlərin inkişafı  və onun yüksəldilməsi üçün bir çox tədbirlərə əl atılır.

Hər bir universitet və müəssisələrdə elmi fəaliyyətlərin istiqamətləri yenilənir. Azərbaycanda elmin inkişafı ilə əlaqədar çox böyük işlərə imza atılır. MDB və bir sıra Avropa ölkələrinə elmi ezamiyyələr olmalıdır. Bütün elmi metodikalar öyrənilməli və   Azərbaycana gətirilməlidir. Çünki elmin müxtəlif sahələri ortaya çıxır. Bu istiqamətdə də biz dünya elminə inteqrasiya etməliyik. Elmi ezamiyyələrin sayı bu baxımdan artırılmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları