Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 13:43:00
Tarixin ən rəngarəng nəsli  

“İndinin 12 yaşlı uşağı, əvvəllərin 19 yaşlı gənci kimidir”

Son vaxtlar Z nəsli barədə çox danışılır. Bu nəslin nümayəndələri 1995-2010-cu illər arasında doğulanlardır. “Zetlər”lə bağlı mövzuya qəzetimizin ötən saylarında bir neçə dəfə toxunmuşuq. Onlar informasiya əsrinin yetirmələridirlər, belə demək mümkündürsə, rəqəmsallaşıblar. Günləri smartfonla, kompüter arxasında keçir. Eyni zamanda, bir neçə işlə məşğul ola bilərlər. Kitab, dəftər, qələm, yazıb-pozmaq onlar üçün deyil: informasiyanı internetdən, sosial şəbəkələrdən əldə edən gənclərə vaxtı keçmiş bilik mənbələri necə cəlbedici gələ bilər?

 “Zet” nəsli tam yeni insan tipi olduğundan maraq obyektidir. Təsəvvür edin: informasiyanı tez qavrayırlar, ancaq onlara lazım olmayanı cəmi 8 saniyəyə unudurlar. Axı onlar necə maraqlı olmaya bilərlər? Ancaq sən demə, heç də belə deyilmiş. Psixoloqların qənaətinə görə, Y nəsli tarixin şahid olduğu ən rəngarəng və bəzən də ziddiyyətli şəxslərdir. Liderlik və menecment üzrə tanınmış ekspert Bryus Tulqan Y nəslinə tam bir kitab həsr edib - “Hədiyyə hər kəsə çatmayacaq: Y nəslini necə idarə etməli”. Müəllif də əmindir ki, həyata indiyə qədər “iqrik”lər kimi təzadlı nəsil gəlməyib...

 Qəliz nəsil

 B.Tulqan Y nəslini bir neçə həyat hadisəsi vasitəsilə izah etməyə başlayır: “Pərakəndə satış sistemində işləyən çox təcrübəli menecer mənə belə bir əhvalat danışıb. Mağazada alıcılarla çox kobud rəftar edən gənc bir satıcı varmış. Menecer onu qüsurlarını aradan qaldırmaq məqsədilə tənbeh edib. Satıcı qayıdıb ona nə desə yaxşıdır?. “Bilirsiniz nə var? Mən onsuz da bu mağazanı satın almaq niyyətindəyəm. Əgər siz mənim əhvalımı pozmağa davam etsəniz, dükanı alan kimi işdən ilk olaraq sizi çıxaracağam”. Necə cavabdır?”.

 Səhiyyə sahəsində fəaliyyət göstərən konsaltinq şirkətlərindən birinin prezidenti Tulqana başqa bir əhvalatı nəql edir: “Bir dəfə 25 yaşlı bir gənc namizədlə işəgötürmə ilə bağlı görüş keçirirdim. O, dərhal məndən öhdəlikləri, əməkhaqqı, kompensasiya və təminat paketi barədə soruşdu. Cavab alandan sonra isə dedi: “Bilirsiniz, mən çox ciddi şəkildə sörfinqlə məşğulam. Bu, mənim üçün çox vacibdir. Ona görə də bilmək istəyirəm, münbit hava olanda sörfinqlə məşğul olmağım üçün mənə işə gec gəlməyə icazə verəcəksiniz?”.

 B.Tulqanın kitablarında Y nəslinin nümayəndələri barədə belə əhvalatlar çoxdur.

Müəllifin fikrincə, insanları idarə etmək heç vaxt asan iş olmayıb. Personalla iş, bir çox hallarda istəklərinə zidd olan ehtiyac və gözləntilərin həllinə nail olmaq menecerlərin, belə demək mümkündürsə, “alnına yazılıb”. Ancaq əmək bazarına tam yeni baxışları və gözləntiləri olan nəslin çıxması bu münasibətləri lap qəlizləşdirir. “Mənə Y nəsli ilə bağlı dünyanın hər yerindən əhvalatlar yazıb göndərirlər. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, onları idarə etmək digər bütün nəsillərin nümayəndələri ilə münasibət qurmaqdan qat-qat çətindir”.

 Gəlin menecerlərin şikayətləri ilə tanış olmağa davam edək:

 - Onlar işə həddindən ziyadə şişirdilmiş iddialarla gəlirlər;

- Xidməti pilləkənlə addım-addım qalxmağı sevmirlər;

- Ancaq ən maraqlı layihələrlə məşğul olmaq istəyirlər;

- Onları daimi nəzarətdə saxlamasan, bir də görəcəksən ki, şirkətin işləri qalıb kənarda, özlərinə maraqlı nədirsə, onunla məşğuldurlar;

- Əhvali-ruhiyyələrini pozmadan tənqid etmək çox çətindir;

- Həmişə tam əmindirlər ki, hamıdan çox bilirlər;

- Düşünürlər ki, hər bir insan həyatında mütləq hansısa hədiyyəyə layiq görüləcək...

 “Məncə rəhbərlərin və menecerlərin böyük əksəriyyəti bu qənaətdədirlər ki, Y nəslinin nümayəndələrinin ətraf aləmi dərk etməsində problemləri mövcuddur” - yazan Tulqan hesab edir ki, əslində, bu gerçəkliyi tək “iqrik”lərə münasibətdə söyləmək də düzgün deyil. Həmişə belə olub: gənclər əmək bazarına çıxanda mütləq yaşlı nəsli qıcıqlandırırlar.Karyeralarının ilk illərində gənclər valideynlərinin, müəllimlərinin, dövlət müəssisələrinin himayəsindən qurtulmağa çalışırlar. Üzərlərinə məsuliyyət götürməyə, nəyəsə nail olmağa çalışırlar. Bəzilərində alınır, digərlərində isə yox. Odur ki, böyüklərin dünyasına gələn gənclərin daha yetkin nəslin nümayəndələri ilə münaqişəyə girmələri bir növ adi haldır.

 Bununla belə, hər dəfə yeni nəslin əmək bazarına çıxışı oxşar münaqişəli situasiyalara səbəb olsa da, bu proses hansısa yeniliklərlə müşayiət olunur. Yenilər özləri ilə tam fərqli, oyun qaydalarını dəyişməyə yönəlmiş nələrisə gətirirlər. “Düzdür, Y nəslindən olan əməkdaşları işə götürmək, işdə saxlamaq, motivasiya etmək çətindir. Ancaq elə də ola bilər ki, məhz onlardan hansısa işçi-işəgötürən münasibətləri tarixində ən effektiv əməkdaş ola bilər. Sadəcə “iqrik”ləri idarə etməyi bacaranlar üçün” - deyə müəllif yazır.

 Çətin uşaqlıq, qeyri-müəyyən gənclik

 “İqrik”lərin uşaqlığı 1990-cı illərə düşür. Bu illərin mürəkkəbliyini yaşayanlar bilir. Götürək bizi. Postsovet məkanının sakinləri kimi nələri görmədik? Dünyanın iki geosiyasi qütbündən biri - Sovetlər İttifaqının fəsadlı, qanlı-qadalı çöküşü. Bu günədək davam edən hərbi münaqişələr. Təsəvvür edin ki, ötən əsrin son on illiyində başlayan müharibələr bu gün artıq Z nəslinin nümayəndələrinin həyatına son qoyur! “İqrik”lərin uşaqlıq illəri nəhəng iqtisadi sistemlərin dəyişilməsi dövrünə təsadüf edir. İqtisadiyyatla bərabər dünyagörüşü, mentalitet və psixologiya da dəyişikliyə uğrayır. Bəs gənclik? XXI əsrin ilk illəri. Tam bir qeyri-müəyyənlik. Dərin transformasiyalar. Qloballaşma və texnoloji innovasiyalar. Məhz bunlar nəsil dəyişikliyinə təsir edən ən ciddi amillərdir.

 Yuxarıda yazılanlar sizin üçün qorxulu bir mənzərə oldu? Y nəslinin nümayəndələri üçün heç bir narahatlıq yoxdur. Onlar özlərini rahat hiss edirlər. Axı Yer kürəsi bir dənədir və o, hamımızındır. “İqrik”lər dövrün texnoloji üstünlüklərindən məharətlə yararlanaraq dünyanın istənilən yeri ilə əlaqə qura bilirlər. Bu dövrün obyektiv çətinlikləri də var: dünya sıx kommunikasiyalar hesabına getdikcə “kiçilir”. Onun hər hansı küncündə baş vermiş bir hadisə bütün qalan hissəsində insanların maddi və mənəvi durumuna təsir göstərmək iqtidarındadır. Dünya institutları - millətlər, dövlətlər, şəhərlər, bələdiyyələr, dini qurumlar, hətta məktəblər belə yaşamaq üçün transformasiya prosesini keçməlidirlər. Araşdırmalar asan və əlçatan olub. Hər kəs öz “işi”ni dərc edə bilər. Bitməyən informasiya axınını filtrdən keçirmək çətinləşir. Bu gün düz olan, sabah yanlış olur. İstənilən innovativ məhsul tez köhnəlir. Bu gün təsəvvür edə bilmədiyimiz, sabah stereotipə çevrilə bilir. Həyat tempi getdikcə sürətlənir. Qısası - yaşamaq və mübarizə aparmaq çətinləşir.

 Ancaq maraqlıdır ki, “iqrik”lər bu təlatümlər fonunda özlərini rahat hiss edirlər. Çünki heç vaxt başqa dünyanı görməyiblər. Gözlərini açandan belə yaşayırlar. Qloballaşma Y nəsli üçün özünü kiçiltmə səbəbi ola bilməz. Əksinə, bu onlara imkan verir ki, özlərini dünyanın sakinləri hesab etsinlər. Texnoloji yeniliklər “iqrik”lər üçün hakimiyyətə sahib olma və dünya ilə həmahəng olmaq imkanıdır. İctimai institutlar daimi transformasiya vəziyyətində ola bilərlər, ancaq bu, Y nəsli üçün əngəl deyil - onlar bu dəyişikliklərdən nəsə əldə etməyə çalışırlar.

 Y nəslinin özünə inamı və belə qeyri-müəyyənlik fonunda soyuqqanlı olmasının səbəbi nədir? Tulqanın fikrincə, “iqrik”lərin uşaqlıq illərinə təsadüf edən X dövründən Y-ə keçid mərhələsində özünə dəyərvermə və özünüsevmə valideynlər üçün ən arzuolunan keyfiyyətlərə çevrilmişdilər. Yəni, bu uşaqlar ata-anaları tərəfindən bu ruhda tərbiyə olunublar. Y-lər uşaqlıq illərində valideynlərindən belə nəsihətlər eşidiblər: “Nə düşünürsünüz və edirsinizsə, düz edirsiniz. Siz haqlısınız. Digər uşaqların necə oynadıqlarına fikir verməyin. Bu, onların öz seçimləridir. Sizin isə təkrarolunmaz tərziniz var”.

 Tulqan yazır: “Bir tərəfdən baxanda, indi uşaqlar yaman tez böyüyürlər. Mən tez-tez deyirəm ki, indinin 12 yaşlı uşağı, əvvəllərin 19 yaşlı gənci kimidir. Digər tərəfdən, bu uşaqlar tez böyümələrinə baxmayaraq, təqribən 30 yaşlara kimi valideynləri ilə sıx əlaqədə olurlar. Belə demək mümkündürsə, onların tez yetkinləşmələri uzunmüddətli yetkinsizləşməyə səbəb olur. Psixoloqlar deyirlər ki, Y nəslinin nümayəndələri özlərini tez yetkinləşmiş kimi aparırlar, ancaq həm də inkişafda gecikmiş gənclər təəssüratı yaradırlar. Ona görə də mən deyirəm ki, indiki 30 yaşlılar, əvvəlin 20 yaşlıları kimidirlər”.

 Miflər

 Tulqan hesab edir ki, dövrün rəngarəngliyi Y nəslinin nümayəndələrini vahid standart üzrə xarakterizə etməyə imkan vermir. “İqrik” nəsli etnik mənsubiyyət, coğrafiya, yaş, dil, maraqlar, həyat tərzi, dərisinin rəngi, antropoloji xarakteristika baxımından tarixin ən rəngarəng və təzadlı yetirmələridir. Ancaq bu, heç də o demək deyil ki, onlar özlərini cəmiyyətdən kənarda hiss edirlər, yaxud digərlərinin onlara qarşı düşmənçilik münasibəti mövcuddur. Əksinə, “iqrik”lər fərqlilik konsepsiyasını bir növ tam yeni səviyyəyə çıxarmağa nail olublar. “Mən bunu sonsuz və total rəngarənglik adlandırardım” - deyə Tulqan yazır.

 Y nəslinin nümayəndələri hesab edirlər ki, unikal həyat təcrübəsi, xarakterik keyfiyyətlər, fərqli antropoloji parametrləri olan insan sonsuz rəngarəngliyin nümunəsidir. Bu nəslin insanları ictimai institutlara çıxış əldə etmək üçün hər hansı standartlara uymaq niyyətində deyillər.

 “İqrik”lərin işdə əsas gözləntiləri rəhbərlərdəndir. Onlar əməkdaşlar üçün qoyulmuş qaydalar və top-menecerlərin qərarları, habelə əmək şərtləri və maaş sistemi ilə razılaşmaya bilərlər. Rəhbərlərdən istəklərinin reallaşdırılmasını gözləyən “iqrik”lər azad şəkildə öz tələblərini irəli sürə bilərlər.

 Kitabdan daha bir əhvalata müraciət edək, Y nəslinin nümanyəndəsi nəql edir: “Mənim rəhbərim deyir ki, 5 ildən sonra filan nailiyyəti əldə edə biləcəksən. Çalışıram ki, ona inanım, özümü güclə saxlayıram, ancaq imkan olsaydı deyərdim: bilirsən dostum, nə qədər ağır olsa da deməliyəm ki, sən heç özün bilmirsən 5 ildən sonra harada olacaqsan”.

 Daha bir əhvalat: “Mənim şefim hesab edir ki, işimə məsuliyyətsiz yanaşıram. Başa düşmürəm, hardan belə qənaətə gəlib? Gərək ona deyim ki, onunla birlikdə yorğunluqdan yıxılıb yatanadək layihələrimiz üzərində işləməyə hazıram”.

 Tulqanın fikrincə, belə əhvalatlar Y nəsli barədə mənfi imic formalaşdırır. Əslində isə bunların çoxu mifdir, “iqrik”lər işgüzar və yanımcıldırlar, ancaq fərqlidirlər. Məsələn, deyirlər ki, onlar işdə rəhbərliyə loyal deyillər. Əslində isə belə deyil: onlar sadəcə ənənəvi vassal-süzeren münasibətlərini istəmirlər.Deyirlər ki, onlar ağır iş görmək istəmirlər, reallıq isə tam başqadır: onlar monoton işlərdən qaçırlar. Şikayətlər var ki, “iqrik”lər dərhal vəzifə istəyirlər. Əslində isə onlar dərhal karyera qurmaq niyyətindədirlər. Eşidirik ki, Y-lər rəhbərlərin onların əvəzinə işləmələrini istəyirlər. Heç də belə deyil: onlar təcrübəli menecerlərdən öyrənmək arzusundadırlar. Guya fikir-zikirləri ancaq puldur. Xeyr, sadəcə olaraq bilmək istəyirlər: daha çox qazanmaq üçün nə etməliyəm?

 P.S. Y nəslinin nümayəndələri 1980-ci illərin əvvəllərindən 1995-ci ilədək doğulanlardır. Onlara “next”, “rəqəmsal” və “millenitlər” də deyilir. (Azərbaycan müəllimi)