Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 12:07:11
Qrant müsabiqəsinin qalibi: “Müəllimlərə yeni qiymətləndirmə metodlarını öyrətmək üçün belə bir layihə təklif etdim”  

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, 6 mövzunu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir.

Mən psixoloqam!

“Təlimlər Türkiyədən gələn psixoloqlar tərəfindən keçiriləcək”

“Mən psixoloqam” layihəsinin rəhbəri Fazil Məmmədovdur.

F.Məmmədov Xızı rayon R.İsmayılov adına tam orta məktəbin direktorudur.

Direktor AzEdu.az-a açıqlamasında  layihənin məqsədi və faydalılığından danışıb. O bildirib ki, layihənin başlıca məqsədi məktəbdəki psixoloji durumu yaxşılaşdırmaqdır:

“Bildiyimiz kimi, artıq psixoloqların fəaliyyəti günü-gündən genişlənir və cəmiyyətin psixoloqlara tələbatı artır. Məhz bu səbəbdən bu istiqamətli layihə təklif etdik. Layihə çərçivəsində məktəb psixoloqları xüsusi təlimlərə cəlb olunacaq. Maraqlısı odur ki, bu təlimləri Türkiyədən gələn psixoloq mütəxəssislər həyata keçirəcək. Əsas məqsədimiz məktəbdə psixoloji durumun yaxşılaşdırılması,  psixoloqların vəzifələri, iş fəaliyyətində hansı üsullardan istifadə etmələri ilə bağlı məlumatlandırılmasıdır. 3 gün davam edəcək təlimlərdə təkcə bizim məktəbdən deyil, qonşu rayon məktəblərindən də psixoloqlar iştirak edəcəklər. Layihənin dekabra qədər davam etməsi nəzərdə tutulub.

Artıq layihə ilə bağlı müəyyən işlər görmüşük: istifadə ediləcək kitab türkcədən tərcümə olunub, rəy üçün gözləyirik. Üstəlik, layihə ilə bağlı Türkiyədən psixoloq da dəvət etmişik”.

Öyrətmək yenidən öyrətməkdir!

“Layihənin mahiyyəti məktəbdaxili qiymətləndirmə ilə bağlıdır”

 “Öyrətmək yenidən öyrətməkdir” layihəsinin rəhbəri Xavər Allahverdiyevadır.

X.Allahverdiyeva İsmayıllı rayon Topçu kənd tam orta məktəbin direktorudur.

Direktor layihənin məqsədindən və görülən işlərdən söz açıb.

X.Allahverdiyeva qeyd edib ki, uşaqların haqlarının pozulmaması və müəllimlər bu istiqamətdə əziyyətinin aradan qaldırması əsas məqsəddir:  

“Layihənin mahiyyəti məktəbdaxili qiymətləndirmə ilə bağlıdır. 2019-cu ilin yanvar ayında böyük summativlərin ləğv edilməsi, balların hesablanma qaydasının dəyişməsi  müəllimlərin əksəriyyəti üçün çətinlik yaradıb. Müəllimlərə yeni qiymətləndirmə metodlarını öyrətmək üçün belə bir layihə təklif etməyi qərara aldıq.

Nəzərinizə çatdırım ki, bu layihə ətrafdakı məktəblərin də diqqətini cəlb edib. Artıq layihənin açılış mərasimində iştirak üçün bir çox direktor müraciət edib.

Sentyabrın 17-də açılış mərasiminin keçirilməsi nəzərdə tutulan layihənin dekabra qədər davam etməsi planlaşdırılıb. Bu işdə bizə İsmayıllı  Rayon Təhsil Şöbəsindən bir ekspert və öz məktəbimizdə çalışan 2 təlimçi müəllim köməklik göstərəcək”.