https://www.zirve.edu.az/
30.04.2018 09:27
O dəhşətli hadisədən 9 il keçir - Qurbanların siyahısı

Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktından 9 il keçir.

AzEdu.az xəbər verir ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir

 Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Qədirovun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib. Ancaq o özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanan 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

ADNA terrorunun qurbanları:

1987-ci il təvəllüdlü Savalan Cabbarov Allahverdi oğlu – Bacısını qorumaq üçün dəhlizə çıxan, qatillə əlbəyaxan çıxır və 7 güllə ilə öldürülür. Son nəfəsini isə öz qrup yoldaşlarının qollarında verir.

1988-ci il təvəllüdlü Ayaz Bağırov Cavanşir oğlu – Pianoda gözəl ifa etməyi bacarır, 2 əcnəbi dil bilirdi. Hadisə günü Ayaz səhər yatıb qalmışdı, amma imtahanı olduğuna görə anası onu oyadır və universitetə göndərir. Alnından güllələnən Ayaz hadisədən bir gün əvvəl dostuna belə bir mesaj yazıb: “Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssüm saxlamaq çox dəhşətlidir”.

1988-ci il təvəllüdlü Məmmədov Taleh Tariyel oğlu – Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmayıb və o hadisə yerindəcə dünyasını dəyişib. Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanmışdı.

1989-cu il təvəllüdlü Abdullayev Emin İmaməli oğlu – Ailəsi Gəncədə yaşayırdı və mart ayında ailəsi ona Gəncədən bayram payı göndərmişdi. Ailəsi öz övladlarının yolunu gözləsələr də, övladları yox onun nəşi gəldi.

1989-cu il təvəllüdlü Bəndəliyev Yusif Telman oğlu – Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olurdu, hadisə günü də elə həmin dərs gününə təsadüf edib. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, aldığı güllələrdən yerindəcə keçinib. Ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş formada da dəfn olunub.

1990-cı il təvəllüdlü Babaşov Ruslan Cəfər oğlu – Görmə qabiliyyəti zəif olduğu üçün hadisədən bir gün əvvəl atası ona eynək alıb. Həmin gün ilk dəfə dərsə eynəkdə gələn Ruslan elə yaddaşlarda da o cür qaldı: eynəyi gözündən düşərək dostlarının qollarında can verərkən.

1988-ci il təvəllüdlü Aslanov Ceyhun Sakit oğlu – Öz xərclərini ödəmək üçün ofisiant kimi işləyirdi və buna görə də 1 həftə dərsə gedə bilməyib. Həmin gün isə o, hər kəsdən öncə dərsə gedib. Ölüm isə onu universitetinin pilləkənləri arasında yaxalayır.

1957-ci il təvəllüdlü Qurbanova Ayna Abbasqulu qızı – Salyandan universitetin yeməkxanası üçün süd məhsulları gətirəndə ölümlə üz-üzə gəlib.

1951-ci il təvəllüdlü Əzizova Tamilla Zülfüqar qızı – Universitetin Nəzəri Mexanika fakultəsinin laboratoriya müdiri idi. Güllə onun sağ kürəyindən dəyib sol tərəfindən çıxaraq aorta damarını kəsib və o kəskin qanitirmədən elə yerindəcə dünyasını dəyişib.

1940-cı il təvəllüdlü Abdullayev Ramiz Xəlil oğlu -Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri və eləcə də, professor idi. Dişi ağrıdığına görə dekanlıqdan icazə alıb getmək istəyib. Bu məqsədlə dəhlizə çıxıb. Sonra geri sinfə qayıdanda qatillə üz-üzə gəlib və başından aldığı bir güllə ilə vəfat edib.

1946-cı il təvəllüdlü  Vahidov Məcnun Abdulvahid oğlu – Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi idi. O liftdən çıxıb iş otağına gedərkən güllələnib.

1978-ci il təvəllüdlü Məmmədova Şəfa Afət qızı – Yenicə toyu olan universitetin Biotexniki və texniki cihazlar kafedrasının laborantı olub. İş otağından dəhlizə çıxan Şəfa elə burda gözündən aldığı güllə yarasından  yerindəcə keçinib.