Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 16:21:01
MİQ-də ən yüksək bal toplayan müəllim: “Öz üzərimdə çalışmağım kifayət idi”  

“Gözüm daha yüksəkdə olduğu üçün yenidən imtahanda iştirak eləmək qərarına gəldim”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyatı üzrə müəllimlərin işə qəbul müsabiqəsində maksimum  nəticə göstərən, Gülnar Hümbətovaya deyib.

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verib. Bu fənn üzrə müəllimliyə namizəd olan Azərbaycan Dillər Universitetinin məzunu  Gülnar Hümbətova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Süsən Məmmədova yüksək nəticə göstərərək 60 bal toplayıb.

Bakalavr səviyyəsini Azərbaycan Dillər Universitetində, magistraturanı isə Bakı Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirən Gülnar xanım  2011-ci ilə təhsilini başa vurduqdan sonra, imtahan verərək, özəl liseylərin birində işə başlayıb. Hazırda da həmin məktəbdə çalışan həmsöhbətimiz özünü sübut etmək üçün bu il yenidən MİQ-də iştirak edib:

“2011-ci ildə özəl liseydə işə başladım. İş yerimdən olduqca razıyam. Burda məni kifayət qədər yüksək qiymətləndirirlər. Hətta bu il ilin ən yaxşı müəllimi də elan ediblər. Bu ada layiq olduğumu sübut eləmək istəyirdim. Çalışdığım məktəbdən də mənə yaradılan şəraitdən də olduqca razıyam. 55 bal pis nəticə olmasa da, 2 ildən sonra qüvvədən  düşür. Nazirliyin saytında yüksək bal toplayanların şəklini gördükcə özümü də orda təsəvvür edirdim. Gözüm daha yüksəkdə olduğu üçün yenidən imtahanda iştirak eləmək qərarına gəldim”.

Gülnar xanım imtahanla bağlı təəssüratlarından danışarkən, hazırlıq mərhələsindən də söz açdı:

“60 bal topladığımı nəzərə alsaq, deyə bilərik ki, imtahan mənim üçün o qədər də çətin keçmədi. Buna baxmayaraq, çətinlik səviyyəsi ağır olan suallar da var idi.  Onları sona saxlayaraq üzərində bir neçə dəfə düşünməli oldum. Məntiqimi işlədib, ən uyğun  variantı seçərək sonda ən yüksək nəticəni əldə edə bildim.

İmtahanda bütün qayda-qanunlara riayət olundu, çox şəffaf keçirildi. İştirakçıların maksimum nəticə əldə etmələri üçün bütün lazımı bütün şərait vardı. Suallar ümumi qiymətləndirmənin meyarlarına uyğun, asan orta və çətin  səviyyəli idi. Məncə, öz üzərində bir az çalışan hər kəs  bu sualları rahatlıqla yaza bilər.

Əksəriyyət iş sahibi olmaq üçün MİQ-də yüksək nəticə göstərməyə çalışır. Buna görə xüsusi kurslara gedənlər də var. Bu, onların şəxsi seçimləridir. Məncə, yüksək bal toplamaq üçün xüsusi hazırlığa getmək şərt deyil. Heç olmasa, iki ay kurikulum və məntiqə vaxt ayıran insan 55-dən yuxarı bal toplaya bilər”.

“Suallar düşünülən qədər qorxuducu deyildi”

Gülnar Hümbətova sonda, gələcək MİQ namizədlərə də öz məsləhətini verdi:

“Təcrübəm olduğu üçün ixtisasda heç bir çətinlik çəkmədim. Suallar düşünülən qədər qorxuducu deyildi. Kurikulum və məntiqə isə son iki həftədə hazırlaşdım. Ümumiyyətlə,  iştirak etdiyim heç bir  MİQ müsabiqəsində xüsusi hazırlığa ehtiyacım olmayıb. Öz üzərimdə çalışmağım kifayət idi.

İlk dəfə MİQ-də iştirak edəcək şəxslərə isə məktəb proqramındakı dərslikləri öyrənməyi məsləhət görərdim.  Çünki suallar da məhz oradan salınır. Kurikulum və məntiqdə isə, mövzuları oxuduqca tapşırıqlarını həll edərək yüksək bal toplamaq olar. İmtahana girəndə maksimum nəticə göstərəcəyimə inanmasam da, 60-cı dəqiqədən sonra artıq 56 balımın hazır olduğuna əmin idim.  60 balı gördükdə isə, həm  təəccübləndim, həm də çox sevindim”.

Rəna Nəbi