https://www.zirve.edu.az/
25.04.2018 13:11
“Burada ağlınıza gələ bilməyəcək  dərəcədə gözəl şərait var”- Mərsində oxuyan azərbaycanlı qız

AzEdu.az Türkiyənin Mərsin Universitetində təhsil alan gənc soydaşımız  Quliyeva Mətanətlə müsahibəni təqdim edir.

Qeyd edək ki,  1998-ci ildə Bakı şəhərində anadan olan tələbə xanım  Heydər Əliyev adına liseyin məzunudur:

-Mətanət xanım, Mərsin Universitetində hansı  ixtisas  üzrə  təhsil alırsınız və hazırda neçənci kursda oxuyursunuz?  

-Mən Mərsin Universitetində İqtisadi İdari Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıram. İkinci kurs tələbəsiyəm. Hədəfim həmişə diplomat olmaq olub. Hazırda da  istədiyim ixtisas üzrə  oxuyuram.

-Necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz?

-Xaricdə necə təhsil almaqla bağlı bir çox suallarla üzləşmişdim. Universiteti necə qazanmaq olar? Hansı proqramlara hazırlaşmaq və hansılarına güvənmək lazımdır? Bununla bağlı hansı kurslarla  maraqlanmalıyam? Ən çox bu suallarla üz-üz qalmışdım.   

Ən çox eşitdiyiniz suallardan biri də “gedib, orada yaşaya və oxuya biləcəksənmi?” kimi suallardır. Bunlar hələ ilkin olaraq verilən suallar idi. Mən sual “aysberqinin” yalnız  görünən qismini deyim.  Bir  gün rəfiqəmə bu barədə danışanda, o öz getdiyi kursdan söz açdı. Beləliklə, hər şey belə başladı.

-Hansı proqramlarla hazırlaşmaq qəbul şansını artırır?

-Amerikan proqramları olan SAT, İELTS-ə 7 ay müddətində  hazırlaşdım. Bu proqramla hazırlaşdığınızda yetərli balı topladıqdan sonra Türkiyə, Avropa ölkələri, Amerikada universitet qazanmaq şansınızı əldə edirsiniz. 1 il ərzində İELTS-in 48 dəfə (hər ay 4 dəfə), SAT-ın isə ildə 7 dəfə imtahanları olur. Bu arada onu da qeyd edim ki, ölkədən-ölkəyə imtahan tarixləri və sayı dəyişir. SAT ingilis dili və riyaziyyatdan, İELTS isə sadəcə ingilis dilindən yazma, oxuma, dinləmə və danışıqdan ibarətdir. Daha ətraflı məlumatı internetdən və ya hər hansı kurs şöbəsindən maraqlana bilərsiniz. İmtahana biletləri bir neçə ay öncədən alırsınız. Sizə tövsiyəm hazırlaşmaq istəyirsinizsə, bu proqramlara, indidən bu işin ustası olan müəllim axtarışına başlamalısınız. Gerisi isə artıq sizin əzmkarlığınıza qalan bir şeydir. Əgər Türkiyədə təhsil almağı planlayırsınızsa YÖS ilə hazırlaşmaq uyğundur. YÖS ( Yabancı Öğrenci Sınavı/Xarici tələbə Qəbul imtahanı) sadəcə Türkiyəyə qəbul proqramıdır. Hər universitet müəyyən tarixlərdə öz imtahanını keçirdir)  imtahanı isə IQ (məntiq), riyaziyyat və türkçədən ibarətdir. İmtahandan bir neçə həftə sonra cavablar çıxır. Topladığınız bala görə də bölüm seçimi edirsiniz. Sonra qeydiyyat başlayır və Türkiyədə hansı universiteti qazanmısınızsa ora qeydiyyata gedib istənilən sənədləri təhvil verirsiniz.

-Yerli müəllimlərin xarici tələbələrə qarşı münasibəti necədir?

-Oxuduğum universitetə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, İran, İraq kimi ölkələrdən,  Afrika qitəsindən gələnlər var. Hətta inanılması qəribə olsa da, bura  Nyu-Yorkdan belə gələn tələbələr olur. Müəllimlərimizin xarici, yerli olmasından asılı olmayaraq bütün tələbələrə münasibətləri çox yaxşıdır. Hamıya eyni səviyyədə davranmağa çalışırlar. Əsasən də bizə - xarici tələbələrə qarşı daha çox maraqlıdırlar.

-Mərsin Universiteti haqqında nə deyə bilərsiniz?

-Mərsin Türkiyə universitetləri arasında böyüklüyünə görə 15-ci yerdədir. Universitetimizdə türklərdən əlavə bir çox ölkədən gələn xarici tələbələr var. Onların sayı çoxdur.

Mərsin Universitetinin çox tanınmış şirkətlər ilə anlaşmaları var.  Buradakı ortamı, universitetin kampusunu çox sevirəm. Universitet tələbələr üçün ağlınıza gələ biləcək hər cür avadanlıqlar ilə təmin edilib. Eyni ilə yaşadığım şəhəri də çox sevirəm. Mərsində demək olar hamı xaricidir. Türklər bu şəhəri “Tələbə şəhəri“ adlandırır. Çünki digərlərindən  daha kiçik şəhərdir və sadəcə, tələbələrdən ibarətdir.

-Bir azərbaycanlı olaraq ölkəmizi tanıtmaq adına hansı işləri görürsünüz?

-Universitetdə azərbaycanlı tələbələrin sayı  çoxdur və hər il artmağa da davam edir. Türkiyə, Azərbaycanı sevir. Eyni ilə biz də onları. Bizə məxsus bayramlarda, xüsusi günlərdə  ölkəmizi həmyerlilərimiz ilə birlikdə digər dostlarımıza yetəri qədər tanıtmağa və ölkəmizi təmsil etməyə çalışırıq. Onlara mədəniyyətimiz, ölkəmiz, yeməklər, geyimlər, necə ölkədə yaşadığımız, hansı dillərdə danışdığımız çox maraqlı gəlir. Demək olar, çoxu məlumatlıdır, amma daha çox tanımaq istəyirlər. Eyni şəkildə, tariximizlə, ədəbiyyatımızla bağlı da soruşurlar. Universitet tələbələrə bunlar üçün müəyyən fürsətlər yaradır. Öz ölkəmizi təqdim etmək üçün festival şəklində bayramlar təşkil edirik. Məsələn, bu həftə bizdə “Afrika günü”dür. Onlar haqqında çoxlu məlumatlar alırıq. Onlar yeməklərindən, rəngarəng musiqilərindən və mədəniyyətlərindən bəhs edəcəklər. Ən maraqlısı da  rəqslərindən nümunələr göstərəcəklər. Bu təkcə “Afrika günü” deyil, eyni zamanda bütün tələbələrin bir araya toplandığı günlərdən biridir. Çox istəyərdim ki, bu cür festivallar ölkəmizdəki universitetlər və məktəblərdə təşkil olunsun.

 Leyla Qulami