https://www.zirve.edu.az/ #
2019-06-19 09:04:59
Xarici universitetlərin magistratura diplomunun tanınması üçün lazımı prosedur və müraciət qaydaları  

Xarici universitetlərdə təhsil almaq bir çox gəncin arzusudur. Amma bəzən gənclərimiz xaricdə təhsil aldıqdan sonra diplomlarının Azərbaycanda tanıdılmasında problemlə qarşılaşırlar.

AzEdu.az xəbər verir ki, xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir. Ərizələrin qəbulu yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə həyata keçirilir.  

Bəs magistratura səviyyəsi üzrə müraciətə dair hansı sənədlər tələb olunur?

Xaricdə təhsil istiqaməti ilə bağlı ən çox verilən suala cavabı təqdim edirik

Magistratura səviyyəsi üzrə müraciətə dair tələb olunan sənədlərin siyahısı aşağıdakılardır:

1.Elektron ərizə (yalnız ani.edu.gov.az internet səhifəsi vasitəsilə);

2.Ali təhsil haqqında sənəd [diplom] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

3.Bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin [diplom] elektron surəti [skan];*

4.Köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan];

5.Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə [transkript] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi);

6.Şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);

7.Ümumvətəndaş (xarici) pasportunun(larının) şəkil olan və sərhədkeçməni (giriş/çıxış) bildirən bütün möhürlü səhifələri ilə birlikdə elektron surəti [skan];

8.Hərbi biletin və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayışın elektron surəti [skan];

* Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom nostrifikasiya olunmalıdır.

2 və 5-ci bəndlərdə göstərilmiş sənədlər təqdim olunmadan öncə verildiyi ölkədə leqallaşdırılmalıdır. 

 Bütün sənədlər elektron ərizə vasitəsilə göndərilməlidir. Elektron poçt, məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.

Qeyd edək ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları