Azedu.az

Region universitetləri necə "ilk seçim" ola bilər? - "Təkcə təhsil kifayət etmir"

AzEdu Təhsil Platforması

26 İyun 2026, 10:12
Region universitetləri necə "ilk seçim" ola bilər? - "Təkcə təhsil kifayət etmir"

"Regionlarda tələbələrə keyfiyyətli təhsil vermək mümkündürmü? Bəli. Hətta bəzi xüsusiyyətlərə görə regionlarda vəziyyət daha yaxşıdır. Elə region universitetlərimiz var ki, onların təhsil keyfiyyəti Bakıda yerləşən bəzi ali təhsil müəssisələrindən daha yüksəkdir".

Bu fikirləri dünən çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.

Son illər region universitetlərində təhsilin keyfiyyəti ilə bağlı müsbət fikirlər səsləndirilsə də, abituriyentlərin böyük əksəriyyəti hələ də paytaxt universitetlərinə üstünlük verir.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva bildirib ki, bəzi ixtisaslarda region universitetləri paytaxtdakı ali məktəblərdən daha səmərəli nəticə göstərə bilər:

"Bəli, regionlarda keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə region universitetləri paytaxtdakı bir sıra ali məktəblərdən daha səmərəli nəticə göstərə bilər. Amma bu, bütün region universitetlərinin artıq Bakı universitetlərini geridə qoyduğu anlamına gəlmir.

Region universitetlərinin üstünlüyü daha çox müəyyən sahələrdə özünü göstərir. Tələbə sayı nisbətən az olduqda müəllimin tələbə ilə fərdi işləməsi asanlaşır. Auditoriyalar həddindən artıq yüklənmir. Bəzi ixtisaslarda yerli istehsalat, kənd təsərrüfatı, sənaye və xidmət sahələri ilə əlaqə qurmaq daha real olur. Yəni tələbə oxuduğu sahəni yalnız kitabdan deyil, yaşadığı bölgənin iqtisadi həyatı üzərindən də öyrənə bilir.

Amma bu üstünlüklər avtomatik olaraq yüksək keyfiyyət demək deyil. Region universitetlərinin də ciddi problemləri var. Hər yerdə güclü müəllim heyəti yoxdur. Bəzi fakültələrdə laboratoriyalar, müasir tədris resursları, xarici dil imkanları, beynəlxalq əlaqələr və işəgötürənlərlə sistemli əməkdaşlıq hələ də zəifdir. Bununla belə, bəzi region universitetləri müəyyən ixtisaslar üzrə ciddi potensial nümayiş etdirir və düzgün idarə olunduğu təqdirdə paytaxt universitetləri ilə real rəqabət apara bilər".

Abituriyentlərin hələ də Bakıya üstünlük verməsinin səbəbi təkcə təhsil deyil:

"Gənc üçün Bakı təkcə universitet deyil. Bakı iş imkanıdır, təcrübədir, çevrədir, tanışlıqlardır, əlavə kurslardır, tədbirlərdir və aktiv sosial həyatdır. Tələbə düşünür ki, Bakıda oxusa, əmək bazarına daha tez daxil olacaq. Çünki ölkənin əsas dövlət qurumları, şirkətləri, bankları, media qurumları və beynəlxalq təşkilatları əsasən paytaxtda cəmləşib.

Burada universitetin brendi də mühüm rol oynayır. Bəzi Bakı universitetlərinin adı hələ də işəgötürənlər üçün daha tanışdır. Valideynlər də çox vaxt övladlarının gələcəyini Bakıda görürlər. Region universitetində real keyfiyyət olsa belə, bu keyfiyyət cəmiyyətə lazımi şəkildə təqdim olunmur. Nəticədə abituriyent seçim edərkən universitetin real imkanlarından çox, onun haqqında formalaşmış imicə əsaslanır".

Region universitetləri üçün real inkişaf xəritəsi hazırlanmalıdır:

"Bu gün biz region universitetlərindən danışırıq, amma regionlarda tələbə həyatı hələ də kifayət qədər cəlbedici deyil. Yataqxana, kitabxana, sosial məkanlar, təcrübə proqramları, yarımştat iş imkanları, startap mühiti və gənclər üçün aktiv şəhər həyatı olmadan tələbəni regionda saxlamaq çətindir. Təkcə universitet binasını yeniləməklə bu məsələ həll olunmur. Universitetin ətrafında bütöv bir tələbə ekosistemi formalaşdırılmalıdır.

Nazirin fikri bu baxımdan vacibdir. Çünki region universitetlərinə münasibət dəyişməlidir. Amma bu dəyişiklik yalnız çağırışlarla baş verməyəcək. Region universitetlərinin güclü tərəfləri açıq şəkildə göstərilməli, zəif tərəfləri gizlədilməməli və hər universitet üzrə real inkişaf xəritəsi hazırlanmalıdır. Əgər region universiteti tələbəyə keyfiyyətli təhsil, praktik bacarıqlar, normal yataqxana, sağlam sosial mühit və gələcək iş imkanı təqdim edə bilirsə, abituriyent onu seçəcək. Əks halda, region universiteti nə qədər inkişaf etsə də, gəncin gözündə Bakı yenə də "daha böyük imkanlar şəhəri" olaraq qalacaq".

Moskva əhalisi sığınacağa girdi, ruslar Krımdan qaçır!
Son xəbərlərDaha çox