https://www.zirve.edu.az/
24.04.2018 14:44
“Ceyhun Bayramov dərdi də bilir, dərmanı da, neqativ halları yığışdıracaq” – Təhsil ekspertləri ümidlidir

Aprelin 23-də prezident İlham Əliyevin imzaladığı  sərəncama əsasən Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

 AzEdu.az yeni nazirin təhsildə nə kimi yeniliklər edəcəyini, ondan nə kimi  gözləntiləri olduqları ilə bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.

Məsələ ilə bağlı ekspert, professor Şahlar Əsgərov da öz fikirlərini bildirib:

“Ceyhun Bayramov əvvəlki  təhsil naziri Mikayıl Cabbarovla birlikdə bu sahədəki fəaliyyətə başlayıb. Təhsildə öz dəsti-xətlərini qoyub, çox yaxşı işlər görüblər. Təhsildəki neqativ hallara qarşı kifayət qədər uğurlu mübarizə aparıblar. Direktorların təqdimatı, attestatların verilməsi  və başqa bu kimi çirkin işləri təhsildən uzaqlaşdırıblar. Yəni Mikayıl Cabbarovun dövründə onun kollektivi relsindən çıxmış  vaqonu relsin üzərinə qaytardılar. Güman edirəm ki, Ceyhun müəllim bu qatarı çox sürətlə irəli aparacaq. Kənar bir adamın gəlməməsinə çox sevindim. Bu iş elə nazirliyin öz içindən olan adama - Ceyhun Bayramova həvalə olundu. İnanıram ki, təhsilimizi yaxşı səviyyəyə qaldıra biləcək. Təhsildə yenilik  keyfiyyətin qaldırılmasıdır. Orta məktəbi bitirən uşaqlar test imtahanında 250 bal səviyyəsində bilik nümayiş etdirirlər. Bu, çox azdır. Ceyhun bəyin rəhbərliyi ilə bu 350-400-ə qalxacaq. Bir də təhsildə korrupsiya hallarını yığışdıracaq. Özü ixtisasca tanınmış hüquqşünas və təhsil sistemində  4-5 ildir olduğuna görə dərdi də bilir, dərmanı da.  İkisini birlikdə həll edəcək”

Təhsil eksperti Almaz Həsrət də yeni təyinatla bağlı fikirlərini, yeni nazirdən gözləntilərini açıqlayıb:

 “1999-cu ilin mart ayında, Ümumilli liderimiz Heydər Əliyev təhsil sahəsində islahatlar haqqında deyirdi ki, təhsil elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Təkamül yolu ilə dəyişikliklər olmalıdır.
Həqiqətən də, təhsil, məhz bu xətlə, bu istiqamətdə inkişaf etdirilməlidir. Ceyhun Bayramov 1990-cı ilin qanlı-qadalı illərində mənim kimi məktəb məzunu olan, həmyaşıdım, sırf Azərbaycan təhsili alan, milli dəyərlərimizə yüksək dəyər verməyi bacara biləcək şəxsdir.  Əminəm ki, bir neçə ildən sonra təhsilimizin şəffaf, vicdanlı, ədalətli, ən əsası da millətinə və dövlətinə sadiq qala biləcək müəllim heyəti adından  uğurlu işlərini dəyərləndirib, müsbət düşüncələrimizə köklənən xəbərləri paylaşacağıq. Bu ağır və çox məsuliyyətli işdə, mövcud biliyi sırf milli təhsilimizdən formalaşan Ceyhun Bayramova uğur arzulayıram!”

Kamran Əsədov yeni nazirin təyinatıyla bağlı danışarkən, Ceyhun Bayramovun hələ Mikayıl Cabbarov vergilər naziri təyin olunan zaman  ən uğurlu namizəd olduğunu bildirdiyini qeyd edib:

“Təhsilin nazirsiz qaldığı dörd ay ərzində də dəfələrlə mətbuatda onun təyin olunma ehtimalını yüksək qiymətləndirmişdim. Ona görə ki, 2014-cü ildən təhsildə başlayan islahatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacib idi. Bəlkə də ən vacib nüans odur ki, Mikayıl Cabbarovun komandası nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünü kəsdi. Yəni belə hallara yüksək səviyyədə rast gəlmək mümkün deyildi. Düzdür, yerlərdə bu kimi hallarla bağlı mütəmadi məlumatlar gəlir. 5 ilə yaxın müddətdə bu komanda çoxsaylı müsbət işlər görüb. Məhz Ceyhun Bayramovun da bu yolu davam etdirəcəyini düşünürəm. Belə ki, nazir səlahiyyətlərini yerinə yetirdiyi 4 aydan çox müddətdə bunu müşahidə etmək mümkündür. Qalmaqaldan uzaq, sadə, təmkinli, yeniliyə açıq şəxs kimi xarakterizə etdiyim yeni nazirin ölkə təhsilinin inkişafında yeni mərhələ başladacağına inanıram. Baxmayaraq ki, onların kollektivinin həll etmədiyi bir sıra problemlər var idi. Onların dövründə: Pedaqoji təhsili olmayan şəxslər hələ də direktor vəzifəsində qaldı. Hətta həmin şəxslər bu dövrdə müsahibədən keçib təyin olunublar;  hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Xəstə öləndən sonra təcili yardımın gəlməsi  kimi olurdu;  saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi;  ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyəti operativ şəkildə həyata keçirilməli,  vətəndaşların müraciətlərinə qısa müddətdə cavab verilməlidir.

Yeni nazirdən gözləntilərim isə budur:   Şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməli;  bağçalar da Təhsil Nazirliyinə birləşdirilməli;  ali məktəblər üçün islahatlar aparılmalı, ictimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq təşkil olunmalı,  yuxarıda müsbət xarakterizə etdiyim məsələlər davam etdirilməlidir; nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur”.