Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl qonaqlar Fəxri Xiyabana gedərək ümummilli ider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
AzEdu.az xəbər verir ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik Akif Əlizadə AMEA ilə REA arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
Akademik Aleksandr Sergeyev görüşə görə AMEA- nın rəhbərliyinə minnətdarlığını bildirib, ölkələrimiz arasında elmi və digər sahələrdə əlaqələrin uğurla davam etdirildiyini söyləyib.
Tədbirdə AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.
Görüşdə gələcəkdə müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatlara yönələn potensialın genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
kitabı