https://www.zirve.edu.az/
21.04.2018 10:00
Macarıstana gedən tələbə aylıq 600 avro təqaüd ala bilər” - MÜSAHİBƏ

Son illər gənclər təhsil üçün Avropa ölkələrinə üz tutur, müxtəlif  təqaüd imkanlarından yararlanmaq istəyirlər. Belə ölkələrdən biri də Macarıstandır. Hər il  xeyli sayda tələbə Macarıstan dövlətinin təqaüd proqramını qazanmaq istəyir.

AzEdu.az-ın əməkdaşı bunu nəzərə alaraq, Macarıstanda təhsil almaq istəyən tələbələrə xidmət göstərən və Macarıstan universitetlərinin Bakıdakı rəsmi sertifikatlı nümayəndəliyi olan “Study in Hungary” layihəsinin Azərbaycan üzrə rəhbəri Çingiz Mehbalıyevlə söhbət edib.

- Çingiz bəy, Macarıstan təqaüd proqramına  müraciət etmək üçün əsas şərtlər hansılardır?

- Təqaüdü bakalavra, magistraturaya və doktoranturaya (PhD) sənəd verənlər qazana bilərlər. Hər il təqaüd üçün tələb olunan şərtlər və sənədlərin siyahısı qismən dəyişir. Bütün namizədlərdən tələb olunan əsas sənəd xarici pasport (skan forması və ya fotosu) və ingilis dilində yazılmış motivasiya məktubudur.

Bakalavr üçün adətən, minimum 5.5 İELTS, magistratura üçün 6.0,  doktoranturaya (PhD) üçün isə 6.0-6,5 İELTS sertifikatı (əgər tələbə bakalavr, magistratura və ya PhD-də ingilis dilli fakültədə oxuyubsa, onda bu dildə təhsil alması haqqında universitetdən arayış təqdim edilməlidir). Qeyd edək ki, hər bir pillə üzrə İELTS keçid  balını universitet və ixtisas özü müəyyən edir.

Bakalavra sənəd verənlərdən 11-ci sinifdə oxumaq barədə məktəbdən ingilis dilində arayış (attestatı alandan sonra isə attestatın ingilis dilinə tərcümə təsdiqi) tələb edilir.

Magistraturaya sənəd verənlərdən 4-cü kursda oxumaq barədə universitetdən arayış (diplomu alandan sonra isə diplomun ingilis dilinə tərcümə təsdiqi və bakalavr qiymətlərinin - transkriptinin ingilis dilindən tərcümə təsdiqi) istənilir.

PhD-də sənəd verənlər isə ən azı 2 səhifəlik ingilis dilində tədqiqat planı (Research Plan) yazmalıdırlar.

Onu da qeyd edək ki, “Study in Hungary” layihəsi olaraq mütəmadi formada təqdimatlar keçiririk və Macarıstanda oxumaq istəyən tələbələrə şərtləri izah edirik. Növbəti təqdimatımız 22 aprel 2018-ci ildə keçiriləcək. İştirak etmək istəyənlər bu keçidə (  http://tiny.cc/22_aprel_qeydiyyat )  daxil olaraq qeydiyyatdan keçə bilərlər.

- Təqaüd ayrılan ixtisaslar nəyə əsasən müəyyən olunur?

- Təqaüd proqramına ayrılan ixtisaslar Macarıstan Təqaüd Fondu və Azərbaycan Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. Əsasən bu ixtisaslar istiqamətinə təqaüd nəzərdə tutulub: mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, turizm, təbiət elmləri, davamlı inkişaf, kənd təsərrüfatı, su idarəetməsi.

- Hər il təxminən bu proqrama neçə nəfər müraciət edir və neçəsi qəbul olur?

- Macarıstan təqaüd proqramına illər üzrə müraciət edənlərin sayı müxtəlif olub. Məlumat üçün deyək ki, 2016-ci ildə 182 nəfər , 2017-ci ildə 200 nəfər azərbaycanlı tələbə Macarıstanda oxumaq üçün təqaüd qazanıb. 2018-ci ildə də 200 nəfər üçün təqaüd yeri ayrılıb.

- Qəbul olanlar arasında daha çox hansı göstəricilərə  diqqət yetirildiyini müşahidə etmisinizmi?

- İlk mərhələdə təqaüdə müraciət edərkən tələb olunan sənədləri dəqiq, düzgün və vaxtında təqdim edən namizədlərə üstünlük verilir. Belə tələbələr növbəti mərhələyə dəvət olunurlar. Müsahibə mərhələsində təhsil göstəriciləri yüksək olan və  ingilis dilində özünü daha yaxşı ifadə edən namizədlər təqaüdlə oxumaq üçün Macarıstan universitetlərinə qəbul olurlar. Macarıstanda pulsuz təhsil almaq üçün bakalavrda və magistraturada oxuyanlara 130 avro, PhD tələbələrində isə ilk 2 il üçün 450, növbəti 2 il üçün isə 580 avro pul vəsaiti veriləcək.

- Macarıstanda oxumaq üçün verilən təqaüd hansı xərcləri qarşılayır?

- Təqaüd proqramı çərçivəsində ödənilən xərclər bunlardır: - Əgər tələbə Macarıstan universitetinə təqaüd qazansa təhsil haqqından tamamilə azad olunur. Tələbə yataqxanada qaldığı halda yaşayış yeri ona 100 faiz pulsuz başa gələcək. Yataqxanada qalmaq istəməyib kirayə ev tutsa, onda  təxminən 128 avro pul veriləcək, onun üzərinə tələbə öz şəxsi büdcəsindən pul əlavə edib kirayə haqqını ödəməli olacaq. Təqaüdlə təhsil aldığı müddət ərzində tələbə tibbi sığorta almaq məqsədilə xərc çəkməyəcək. Onun tibbi sağlamlıq sığortası da təqaüd proqramı çərçivəsində ödənilir.

- Verilən təqaüd tələbələri tam təmin edirmi?

- Öncə qeyd etdiyim məbləğdə təqaüdlər fasiləsiz olaraq, hətta tələbə tətildə olduğu müddət də daxil olmaqla ilin 12 ayında tələbələrə ödənilir. Göstərilən məbləğ tələbənin bütün şəxsi xərclərini ödəmir. Bir çox hallarda bakalavr və magistratura tələbələri boş vaxtlarında ya səyahət edir, ya da dostları ilə birgə vaxt keçirdiklərindən onlara valideynləri tərəfindən əlavə 50-100 avro göndərilməsi daha məqsədə uyğun olardı. PhD tələbələri isə 450 və 580 avroya tamamilə sərbəst yaşaya bilərlər.

Bu zaman nəzərə alınmalıdır ki, təqaüd proqramının məqsədi tələbənin bütün şəxsi xərclərini ödəmək deyil, tələbənin təhsil, yataqxana, sığorta xərclərini ödəməkdir. Necə ki, tələbə Azərbaycanda təhsil aldığı müddətdə valideynlərindən ayda orta hesabla 50-100 avro pul götürür, eləcə də Macarıstanda da valideynlərin öz övladlarına 50-100 avro pul göndərmələri daha məqsədə uyğundur.

- Qəbul olub sonradan təhsilini yarıda qoyub qayıdanlar olubmu?

- Son illərdə Macarıstanda təqaüdlə oxuyan tələbələrdən yalnız biri təhsilini donduraraq, Bakıya geri qayıdıb. Digər tələbələr isə təhsillərindən razıdırlar və oxumağa davam edirlər. Onlar arasında heç bir xüsusi narazılıq hiss edilmir.

- Müraciət edənlərdən təxminən neçə nəfər müsahibəyə dəvət olunur və onlardan neçəsi seçilir?

- Sənədləri vaxtında, dəqiq, düzgün təqdim edən tələbələrin hamısı müsahibə mərhələsinə dəvət olunurlar. Neçə nəfərin müsahibəyə dəvət olunacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Universitetlər isə müsahibələrdən və imtahanlardan sonra ən yaxşı 200 tələbənin adını seçib Macarıstan Təqaüd Fonduna bildirirlər. Məhz həmin 200 nəfər xoşbəxt tələbə təqaüdü qazanır.

- Müsahibədə hansı tip suallara üstünlük verilir və hansı namizədlərin keçmə şansı yüksəkdir?

- Magistraturaya və doktoranturaya (PhD) sənəd verənlərin müsahibəsində namizədin seçdiyi və oxuduğu sahə üzrə suallar olur, bakalavra müraciət edənlərə isə ümumi xarakterli suallar verilir. Qeyd edək ki, təqaüd qazanmaq üçün müsahibə mərhələsinə tələbələrə verilən ənənəvi və hər il təkrarlanan suallar barədə biz mütəmadi olaraq tələbələrə məlumatlar veririk və təqdimat keçiririk.

- Macarıstanda təhsil tələbələrə nə qazandırır?

- Macarıstanda təhsil alan tələbə Avropa təhsil sistemindən yararlanaraq, geniş dünya görüşü, keyfiyyətli təhsil və gələcəkdə yüksək maaşlı iş tapmaq imkanı qazanır. Təhsil aldığı dövrdə tələbə bir çox mübadilə və təcrübə proqramlarında iştirak edərək özünü təkmilləşdirə bilir.

Universiteti bitirdikdən sonra tələbə təhsil aldığı universitetlərdə keçirilən karyera sərgisində iştirak edir və iş tapa bilir. Macarıstanın verdiyi diplomlar dünyanın hər yerində, o cümlədən Azərbaycanda tanındığından oranı bitirənlər həm Azərbaycanda, həm Macarıstanda, həm də dünyanın əksər yerində rahatlıqla iş tapa bilirlər.

- Macarıstanda hansı sahələr üzrə daha mükəmməl təhsil almaq mümkündür?

- Macarıstanda əksər sahələr üzrə  mükəmməl təhsil almaq mümkündür.  Təkcə onu demək kifayətdir ki, Macar xalqı və təhsil sisteminin yetişdirdiyi Nobel mükafatçıların sayı və növ müxtəlifliyi ilə öyünə bilər. Burada kompüter, elektrik , neft mühəndisliyi, tibb, kimya mühəndisliyi, biznesin idarə edilməsi, turizm, tikinti, memarlıq, incəsənət və s. ixtisaslarda dünya səviyyəli təhsil almaq mümkündür.

- Gənclər daha çox nəyi əsas gətirərək bu ölkəni seçirlər?

- Gənclər ilk öncə Avropa təhsilini əsas tutaraq Macarıstanda təhsilə üstünlük verirlər. Bundan əlavə Macarıstan təqaüd proqramında digər ölkələrinkinə nisbətən daha az şərtlər və sənədləşmə işləri tələb edir. Azərbaycan kimi azsaylı ölkəyə 200 nəfərlik təqaüd yerinin ayrılması kifayət qədər yaxşı rəqəmdir. Macarıstanda oxuyan tələbələr iş həyatında öz rəqiblərinə nisbətən daha tez özlərinə yer tapa bilirlər. Digər üstünlükləri isə bizim saytdan (http://study-hungary.com) oxuya bilərsiniz.

- Macar və ya ingilis dilində təhsilin fərqlilikləri varmı? Hansına üstünlük verilir? Və nə qazandırır?

- Macar və ingilis dilində təhsildə fərqliliklər mövcuddur. Macar dilində təhsilin ingiliscədən 3 əsas üstünlüyü var. Birincisi macar dilində  təhsil haqqı daha ucuzdur, ikinci təhsil ixtisasları üzrə seçim daha çoxdur (məsələn, bakalavrda hüquq təhsili ingiliscə yoxdur, amma macarca var) əgər tələbə öz gələcək həyatını Macarıstana bağlamaq istəyirsə, onda macar dilini səlis bilməklə həmin ölkədə qalmaq və yaşamaq daha rahat olur. İngilis dilinin də öz üstünlükləri var. Məsələn, Macarıstanda ingilis dilində oxuyandan sonra başqa ingilis dilli ölkədə təhsili davam etdirmək, bu dildə hər hansı sahədə işləyib yaxşı maaş almaq, əsas dünyəvi dili öz ana dili kimi səlis bilmək və sair. Macar dilinin ən böyük mənfi cəhəti bu dilin demək olar ki, heç bir dilə bənzəməməsi, unikal olması və qrammatikasının mürəkkəb olmasıdır. Macar dilini öyrənmək və təhsil almaq heç də asan deyil. Odur ki, azərbaycanlı tələbələr əksər hallarda ingilis dilində oxumağa üstünlük verirlər.