https://www.zirve.edu.az/
09.04.2019 15:58
“Təhsil hamı üçün əlçatan olmalıdır” - Təhsil eksperti

Gürcüstan məktəblərində buraxılış imtahanları ləğv olunub. 

Gürcüstan parlamenti hökumətin orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı təşəbbüsünü dəstəkləyib.

Məlumat üçün bildirək ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11 və 12-ci siniflərdə keçirilirdi. “Ümumi təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra, attestat almaq üçün şagirdlər bütün fənnlər üzrə 10 ballıq sistem üzrə 5 baldan çox qiymət almalıdırlar. Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlər də bütün fənnlərdən 5-dən çox bal qazanıblarsa, attestat ala biləcəklər.

Qonşu ölkədən fərqli olaraq Azərbaycanın təhsil sistemində imtahanlar məsələsində ciddi problemlər var. Bu problemlər zaman-zaman ictimailəşsə də, aidiyyəti qurumlar məsələyə məhəl qoymur. İnsan ömrü yalnız imtahanlarla keçir. Birinci sinfə qəbuldan tutmuş ali məktəb, magistratura, işə qəbul da daxil olmaqla Dövlət İmtahan Mərkəzinin sınaqlarından keçmək tələb olunur.  Hələ bu azmış kimi Dövlət İmtahan Mərkəzi özünün də baş açmadığı formada imtahan sualları hazırlayır. Hansı ki, bu sualların tərtibatında ciddi nöqsanlar var. Bunu təhsil mütəxəssisləri də zaman-zaman öz açıqlamalarında təsdiqləyiblər. Hətta test sualları üçün xüsusi komissiyanın yaradılması da təklif olunub.

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, nəinki buraxılış və qəbul imtahanlarının keçirilməsi, hətta işə qəbul prosedurlarında da kifayət qədər mürəkkəblik və anlaşılmazlıqlar qalmaqdadır:

“Bu məsələ də son illər tez-tez müzakirəyə çıxarılır, imtahan suallarının çətinliyi ilə bağlı müəyyən narazılıqlar səsləndirilir. Dəfələrlə müvafiq qaydalarda müəyyən dəyişikliklər edilib, dissertasiyaların müdafiəsi, dövlət qulluğuna qəbul və s. sahələrdə bir qədər sadələşdirilmə aparılıb, amma çətinliklər heç də istisna olunmur. Biz belə bir kurs götürmüşük ki, təhsil hamı üçün əlçatan olmalıdır. Amma, müəyyən süni baryerlər təhsilin əlçatan olmasına yol vermir. Magistraturaya, dövlət qulluğuna boş yerlərin qalması ilə bağlı çoxsaylı elanlar verilir. Bunlar hamısı imtahanların mürəkkəbliyi, süni baryerlərin nəticəsidir. Bununla belə, hesab edirəm ki, hazırda imtahanların bütövlükdə ləğvindən söhbət gedə bilməz. Amma sadələşdirmə işi aparılmalıdır. Çünki imtahanların keçirilməsində bir çox problemlər olsa da, sadəcə biz buna hələ hazır deyilik”.

Ekspert qeyd edib ki, son illər qəbul qaydalarında çoxsaylı dəyişikliklər edilsə də, bu istiqamətdə müsbət irəliləyiş yoxdur:

“Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşlığı, razılığı ilə qəbul qaydaları, imtahanların keçirilməsi formaları müəyyənləşir, proqramların həddindən artıq yüklü olması ilə bağlı iş aparılır, bununla belə optimal variantın tapılması istiqamətində görülən işlər kifayət etmir. İlkin olaraq, buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli imtahan sisteminə keçmək barədə düşünmək lazımdır, baxmayaraq ki, bu sistemə keçidin xeyli tərəfdarları olduğu halda əleyhdarları da az deyil”.