Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 16:41:46
“Bizdə bəzi gənclərin təhsilə münasibətini valideynlərinin seçimi idarə edir” – İtaliyadakı tələbəmiz - MÜSAHİBƏ  

Ellada Məmmədli:Təhsilimizdə boşluqlar çoxdur;ən böyüyü isə azad seçimin olmamasıdır”.

İndi isə müsahibimiz barəsində…

Öz dilindən dosye:Mən Ellada Məmmədli, 19 sentyabr 1996-cı ildə Moskva şəhərində anadan olmuşam. Orta təhsilimi Bakı şəhəri Binəqədi rayonu 3 saylı məktəbində almışam.

2013-cu ildə qəbul imtahanından  612 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dünya İqtisadiyyatı   ixtisasına qəbul olmuşam. Əvvəlcə, Xüsusi İstedadlar Qrupunda oxumuşam, daha sonra isə Beynəlxalq İqtisadiyyatı Məktəbi ilə əvəz edildi.  2017-ci ildə təhsilin bakalavr dərəcəsini fərqlənmə ilə bitirdikdən sonra magistr səviyyəsi  üçün İtaliyanın Bolonya Universitetini seçdim. Hazırda isə Boloniya Universitetində    “BusinessAdministration”   ixtisası üzrə magistr dərəcəsində təhsil alıram.

-Ellada, təhsilinin magistr dərəcəsini niyə məhz İtaliyada davam etdirmək qərarına gəldin? 

-Təhsilimin magistr dərəcəsini İtaliyada davam etdirməyimin əsas səbəbi Bolonya Universitetinə görə oldu. Çünki, Bolonya Universitetinin təqaüd imkanlarını  nəzərə alaraq orada oxumaq qərarına gəldim.

-Yeni mühit, din, dil fərqliliyi olan ölkələrdə adaptasiya olmaq bəzi hallarda müəyyən çətinliklər yaradır. Maraqlıdır, hər hansı çətinliklərləqarşılaşdınmı? 

-Xeyr… Ümumiyyətlə,  yeni mühitə asanlıqla adaptasiya olan insanam. Məhz   ona görə də çətinliklər olmadı.

-Bəzən, qız övladlarının xaricdə təhsil almasına müəyyən sərhədlər qoyurlar. Valideynlərin İtaliyada təhsil almaq istəyinə necə münasibət göstərdi?

-Ümumiyyətlə, bu mövzuda şanslı olan insanlardanam. Onu da qeyd edim ki, bacımda xaricdə təhsil alır. Ailədə hər zaman seçimlərimizə hörmətlə yanaşılıb. Valideynlərimiz isə istər maddi, istərsə də mənəvi hər zaman  böyük dəstək göstəriblər. 

-Bolonya Universitetinə qəbul prosesindən danışardınız... Ümumiyyətlə, qəbul üçün hansı şərtlərə cavab vermək tələb olunurdu?

-Bolonya Universitetinə qəbul prosesi ixtisasdan asılı olaraq dəyişir. Təhsil aldığım “Business Administration” ixtisasında  qəbul prosesi iki pillədən ibarətdir. Burada I mərhələ CV, transkript, II  isə müsahibədir.  Onu da qeyd edim ki, “Non-EU”  ölkələri üçün  yer sayı limitli olur. Təhsilin  magistr dərəcəsinə qəbul sənədləri bir çox ixtisas üçün eynidir: Bunlar bakalavr diplomu, ingilis dil biliyi, motivasiya və 2 tövsiyə məktubudur. Onu da əlavə edim ki, müraciət ödənişi isə 60 avrodur.

-Ellada, fərqli ölkə və mühitdə təhsil alırsan. Bəs, ilk dəfə İtaliyaya gedəndə “cultureshock” (mədəniyyət şoku) yaşadınmı?

-Xeyr, yaşamadım. Düşünürəm ki, İtaliya digər Avropa ölkələrinə nisbətən  bizə daha uyğun olan mədəniyyətə sahibdir. 

-İtaliyada  təxmini nə qədər azərbaycanlı təhsil alır?

-İtaliyada təhsil alan azərbaycanlı  çoxdur, sayını  itirmişəm 

-Müəllim və tələbə yoldaşlarının ölkəmiz haqqında düşüncələri necədir?

-Müəllim və tələbə yoldaşlarımın Azərbaycan haqqında düşüncələri fərqlidir. Ölkəmizin yerini də bilməyən  gənc nəsil  çoxdur. Amma müəllimlərimdən  kifayət qədər müsbət rəylər alıram, onlar resurslarımızın zəngin olduğunu da qeyd edirlər.

“Gənclər çox vaxt nə istədiklərini bilmirlər”

-Ellada, bir azda Azərbaycan təhsilindən  danışaq. Səncə, təhsilimizdə ən böyük boşluqlar nədir?

-Təhsilimizdə boşluqlar çoxdur; ən böyük boşluq,  bir çox şeydə olduğu kimi, azad seçimin olmamasıdır. Gənclər çox vaxt nə istədiklərini bilmirlər, ya da səhv seçim edirlər. Onu da qeyd edim ki, gənclər çox zaman da valideynləri  tərəfindən məcbur edilərək istəmədikləri ixtisas üzrə təhsil alırlar. Valideynlər “Qonşudan geri qalma” prizmasından yanaşaraq, övladlarını məcbur edirlər ki,  17 yaşında mütləq universitet oxusunlar.  Fikrimcə, bu kimi keyfiyyət təhsilə olan marağı da aşağı salır.

- Orada müəllimlərin aldığı maaş və tələbələrə verilən təqaüd nə qədərdir? 

-İtaliyada professorların maaşının 2500 avrodan yüksək olduğunu bilirəm. Burada dövlət universitetlərində təhsil haqqı və tələbə təqaüdü  isə ailə gəlirlərinə görə hesablanır.

-Ellada, təhsildən əlavə, bir azərbaycanlı olaraq ölkəmizi xaricdə necə təmsil edirsən?

-Sosial aktiv gənc olduğumu deyə bilmərəm. Amma bacardığım qədər savadlı gənclərimizin  gördüyü işlərlə ölkəmizi  tanıdıram.

-Çoxları düşünür ki, “Business Administration” ixtisası üzrə yalnız xaricdə oxumaqla mütəxəssis olmaq olar. Bu yanaşmaya münasibətin necədir?

“Business Administration” ixtisası üzrə yalnız xaricdə oxumaqla, mütəxəssis kimi formalaşmağın doğruluğu haqqında nəsə deyə bilmərəm.   Ancaq düşünürəm ki, bu ixtisası üzrə inkişaf etmiş ölkələrdə təhsil almaq daha perspektivlidir.  Riyazi sahələrdə isə nisbətən daha yaxşı olduğumuzu düşünürəm.

- Magistraturanı bitirdikdən sonra   doktorantura səviyyəsində də oxumağı planlaşdırırsanmı?

-Təhsilimin magistr dərəcəsini  tamamladıqdan sonra yaxın gələcəkdə doktorantura səviyyəsində oxumağı planlaşdırmıram.

-Ellada, bəs xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrin nədir?

-Xaricdə təhsil almaq istəyənlərə tövsiyəm odur ki, istədikləri ölkəni və ixtisası yaxşı seçsinlər. Həmçinin yeni imkanlara hər zaman açıq olsunlar. Gənclərimiz istədiklərini etsələr, həmişə hər şeyin “ən yaxşısı” olacaq.

Günel Yaşarqızı
Müəllifin digər yazıları