https://modern.az/ #
2019-02-14 16:00:00
DİM-də cavabların xüsusi mərhələlərlə yoxlanması, markerlərin seçilmə qaydası – Özəl reportaj-III Hissə

2019-cu ildən ali məktəbə qəbul qaydaları yeni təhsil proqramları (kurikulum) üzrə həyata keçiriləcək.

Yeni qəbul modelinə uyğun olaraq ikinci mərhələdə hər blokda 3 imtahan fənninin olması nəzərdə tutulub.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqlarında abituriyentlərin təfəkkürü, düşüncə və özünüifadə bacarıqlarının yoxlanılması nəzərdə tutulub. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abituriyent cavabı özü tapacaq. Bu suallar tədris proqramını əhatə edəcək.   

Xəbər verdiyimiz kimi, 10 fevralda yeni təhsil proqramları üzrə qəbul imtahanı modelinə uyğun III sınaq imtahanı təşkil olunub.

Fevralın 11-dən etibarən, DİM-də İctimai Şura üzvlərinin nəzarəti altında sınaq imtahanı materiallarının emalı prosesinə başlanılıb.

Materialların “scan” olunub şifrələnməsi artıq başa çatıb.

13 fevraldan yazı işlərinin tapşırıqlar üzrə ayrılması, etalonların seçilməsi və kalibrləmə üçün materialların hazırlanma mərhələsinə start verilib.

Əməkdaşımız sözügedən prosesləri də yaxından izləyib.

AzEdu.az DİM-in sektor müdirləri və İctimai Şura üzvlərinin iştirakı ilə imtahan materiallarının emalı prosesindən hazırlanan reportajın III hissəsini təqdim edir:

Yazı işlərinin elektron kəsilməsi

Yazı işlərinin elektron təsvirlərindən şagirdi identifikasiya edə biləcək bütün məlumatların silindiyini və  hər şagirdə aid yazı işinə şərti kod verildiyini öncəki reportajda qeyd etmişdik. Şərti kod verilən yazı işləri xüsusi proqram vasitəsilə ixtisas qrupları üzrə ayrıldıqdan sonra hər fənn üzrə eyni nömrəli suallar kəsilərək qruplaşdırılır.

Qruplaşdırılan suallar markerə təqdim olunmamışdan öncə operatorlar tərəfindən nəzərdən keçirilir. Markerlərə təqdim olunacaq yazı işlərinin “scan” olunaraq kəsilən variantında (yazıların oxunmaması və s.) hər hansı problem yaranarsa, operatorlar əsas yoxlama başlamamışdan öncə problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görürlər.

Onlar, eyni zamanda abituriyentlərin cavablandırmadıqları yazı işlərini (tapşırıqları) digər yazı işlərindən ayıraraq yoxlamaya gedəcək materialların siyahısından çıxarırlar.

Qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi

Bu mərhələdə hər tapşırığa aid etalon işlər seçilir. Yazı işləri ilkin qiymətləndirmə meyarları əsasında yoxlanılır. Bu zaman qarşıya çıxan yeni hallar qiymətləndirmə meyarlarında nəzərə alınır. Belə ki, Bakıda nəticələri ən yüksək olan məktəblərdə təhsil alan şagirdlərin cavabları araşdırılır və ən çox rast gəlinən cavablar əsasında meyarlar bir daha dəqiqləşdirilir.

Sektor müdiri Aydın Qasımov meyarların təkmilləşdirilməsi barədə məlumat verərkən bildirib ki, DİM sözügedən mövzuyla bağlı bir sıra hadisələrlə qarşılaşıb:

“İmtahanların birində müəllimlər Həndəsədən bir tapşırığın həlli üçün 3 üsul müəyyənləşdirmişdilər. Yoxlama prosesində məlum oldu ki, sualın  həll yolları daha çoxdur. Bu cür halları sıfıra endirmək üçün meyarların təkmilləşdirilməsi mərhələsinə xüsusi önəm veririk. Mübahisəli hallar (qiymətləndirmə üçün çətinlik yaradan hallar, misal üçün, məsələnin qeyri-standart həlli metodları) müəyyənləşdirilir və bu haqda markerlər üçün izahlar verilir”.

Etalon işlərin seçilməsi və kalibrləmə üçün materialların hazırlanması

Bu mərhələdə kalibrləmə mərhələsi üçün nümunəvi işlər seçilir. Bu işlər zəif, yaxşı və orta səviyyədə cavablandırılan, həmçinin qiymətləndirilməsi çətin olan işlərdən ayrılır. Daha sonra ekspert qrupu tərəfindən etalon qiymətlər müəyyən edilir. Bu etalon qiymətlər əsasında kalibrləmə mərhələsi hazırlanır.

Markerlərin kalibrləmə mərhələsindən keçirilməsi

Kalibrləmə mərhələsində müəyyən olunan meyarlar əsasında dəqiq qiymətləndirmə aparan markerlər aşkar edilir. Mərhələdən keçə bilməyən markerlərə qiymətləndirmə zamanı buraxdıqları səhvlər göstərilir və meyarlar əsasında qiymətləndirmə aparmaları üçün istiqamətləndirilir. Daha sonra bu markerlər yeni nümunələr (etalonlar) əsasında təkrar kalibrləmə prosesində iştirak edirlər.

Marker hər hansı tapşırıqla bağlı kalibrəmə prosesini keçdikdən sonra, yalnız həmin tapşırığa aid yazı işlərini yoxladıqda artıq bu bacarıq onda vərdişə çevrilir. Bu isə həm onun çevikliyinə, həm də keyfiyyətli qiymətləndirmə aparmasına müsbət təsir edir.

Qeyd edək ki, sonda bu mərhələni keçə bilməyən markerlər əsas yoxlamaya buraxılmırlar.

Aydın Qasımov DİM-də marker bazasının formalaşması barədə məlumat verərək qeyd edib ki, müəllimlərin meyarlarla işləmək bacarıqları müxtəlifdir:

“Elə müəllimlər var ki, hazırda onlarla yolumuza davam etmirik. Marker 30 ilin müəllimi, savadlı pedaqoq olsa da, çox sərt və meyarlarla işləməyə meyilli olmayanda onunla işləmək mümkün olmur.  Elə müəllimlər də olur ki, qiyməti daha yüksək yazır. Bu kimi səbəblərdən marker seçərkən, əsasən onların meyarlarla işləmə bacarıqlarına xüsusi önəm veririk”.

Növbəti reportajımızda əsas yoxlamanın keçirilməsi və sınaq imtahanlarında yazı işlərinin yoxlanılması prosesindən ətraflı məlumat verəcəyik.

AzEdu.az sınaq imtahanlarının yoxlanılma prosesini yaxından izləyərək hər kəsin marağında olan məqamları silsilə yazılarla təqdim etməyə davam edəcək.... (ardı var)

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları