Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-12 14:35:00
“Sabahın alimləri” səkkizinci respublika müsabiqəsinin açılışı olub   

Fevralın 12-də “Sabahın alimləri” səkkizinci respublika müsabiqəsinin açılış mərasimi olub.

AzEdu.az xəbər verir ki, müsabiqənin keçirilməsinin məqsədi ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb. Nazir müavini vurğulayıb ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadəsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Ölkəmizdə artıq səkkizinci dəfədir ki, keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəldir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni biliklərə və innovativ məhsullar yaratmağa sövq edir.

Qeyd edək ki, müsabiqəyə 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə (63-ü fərdi, 124-ü isə kollektiv) üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan müsabiqə fevralın 14-də başa çatacaq.