Azedu.az

DİM rəhbərliyi ilə bağlı iki rektorun adı ÇƏKİLİR

Ali təhsil

19 Noyabr 2026, 15:11
DİM rəhbərliyi ilə bağlı iki rektorun adı ÇƏKİLİR

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Məleykə Abbaszadənin BDU-nun rektoru təyin olunması universitetdə hansı yeniliklərə və dəyişikliklərə yol açacaq? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil mütəxəssisi Ramin Nurəliyev qeyd edib ki, M.Abbaszadə fəaliyyəti dövründə müsbət imic formalaşdırıb:

181204
 

"Məleykə Abbaszadə həqiqətən də uzun müddət Dövlət İmtahan Mərkəzinə rəhbərlik edib və qurumu ölkə ictimaiyyətində obyektivlik, şəffaflıq, eləcə də korrupsiya hallarının olmaması ilə bağlı müsbət imic formalaşdıran təşkilat kimi yaddaşlara həkk etdirib. Onun fəaliyyəti dövründə Dövlət İmtahan Mərkəzi şəffaflığı ilə seçilən və cəmiyyətin böyük rəğbətini qazanan bir qurum olub. Hesab edirəm ki, Məleykə xanım bu istiqamətdə həqiqətən də böyük səylə fəaliyyət göstərib".

İllərdir korrupsiya ilə bağlı problemləri həllini tapmayan Bakı Dövlət Universitetində bu məsələlərin Məleykə Abbaszadənin rəhbərliyi ilə öz həllini tapacağına inanıram:

"Bununla belə, bir şəxsiyyət kimi Dövlət İmtahan Mərkəzinin keçmiş rəhbəri Məleykə Abbaszadənin fəaliyyəti ilə bağlı, xüsusilə də cəmiyyətdə qurumun şəffaflıq və obyektivlik prinsipləri əsasında tanınması istiqamətində gördüyü işlərə böyük rəğbətim var. Ümid edirəm ki, Bakı Dövlət Universitetinə rəhbər təyin olunduqdan sonra burada da Dövlət İmtahan Mərkəzində formalaşdırdığı şəffaflıq mühiti davam edəcək, universitetimiz böyük uğurlara imza atacaq. Buna qəlbən inanıram. Hesab edirəm ki, Bakı Dövlət Universiteti bu təyinatdan qazanan tərəf olacaq.

İllərdir korrupsiya ilə bağlı problemləri həllini tapmayan Bakı Dövlət Universitetində bu məsələlərin Məleykə  Abbaszadənin rəhbərliyi ilə öz həllini tapacağına inanıram. Düzdür, böyük bir universitetdə bu istiqamətdə fəaliyyət göstərməyin nə qədər çətin olduğunu bilirəm. Ancaq Məleykə xanımın bu sahədə əzmkar olduğunu da nəzərə alaraq düşünürəm ki, onun BDU-ya rəhbər təyin olunması universitetdə ciddi və müsbət dəyişikliklərə yol açacaq".

Ramin Nurəliyev DİM-də imtahanların sadələşdirilməsi də daxil olmaqla, bir sıra yeniliklərin həyata keçirilməsini zəruri hesab edir:

"Dövlət İmtahan Mərkəzinə gəlincə, burada artıq müəyyən bir sistem formalaşıb. Düşünürəm ki, həmin sistemdə müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusilə də imtahan prosesinin sadələşdirilməsi istiqamətində addımlar atılmalı, müvafiq yeniliklər həyata keçirilməlidir".

Mütəxəssis DİM-ə rəhbərlik məsələsində iki şəxsin adını çəkib:

"Mən iki şəxsin Dövlət İmtahan Mərkəzinin rəhbəri olmasını çox istərdim: bunlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. O, vaxtilə elm və təhsil nazirinin müavini vəzifəsində çalışıb, yəni idarəetmə təcrübəsinə malikdir. Eyni zamanda, Bakı Ali Neft Məktəbini sıfırdan quraraq onu yüksək səviyyəli təhsil müəssisəsinə çevirib. Düşünürəm ki, Elmar Qasımov Dövlət İmtahan Mərkəzinə rəhbər təyin olunarsa, qurumda obyektiv və zəruri dəyişikliklər həyata keçirə bilər.

Digəri isə Rüfət Əzizovdur. O da Sumqayıt Dövlət Universitetində qazandığı uğurlarla tanınan rəhbərdir. Eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rəhbər təyin olunduqdan sonra ali məktəbin inkişafı istiqamətində atılan addımların şahidi olmuşuq.

Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin rəhbərliyinə təhsil sahəsini yaxşı bilən, idarəetmə təcrübəsinə malik şəxsin gətirilməsi vacibdir. Bu baxımdan, Elmar Qasımov və Rüfət Əzizovun qurumun gələcək inkişafına böyük töhfə verəcəyinə ümid edirəm".

Qeyd edək ki, sosial şəbəkələrdə də Ramin Nurəliyevin fikirlərinə bənzər mülahizələr səsləndirilir. Bəzi saytlarda Rüfət Əzizovun DİM-ə rəhbər təyin olunması ilə bağlı xəbərlər yayırlar.

Lakin yayılan məlumatlar həqiqəti əks etdirmir və Rüfət Əzizovun DİM-ə rəhbər təyin olunması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.

Paşinyandan şok istefa açıqlaması - Adamını Azərbaycana göndərir
Son xəbərlərDaha çox