Azedu.az

Rəhbər dəyişdi, sistem qalır - DİM-in gələcəyi necə olacaq?

Dövlət İmtahan Mərkəzi

19 Noyabr 2026, 11:30
Rəhbər dəyişdi, sistem qalır - DİM-in gələcəyi necə olacaq?

Məleykə Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. 

Məleykə Abbaszadənin DİM-dən getməsi qurumun gələcək fəaliyyətinə necə təsir edəcək? Bu dəyişiklik müsbət, yoxsa mənfi nəticələrə səbəb olacaq?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, rəhbər dəyişikliyi imtahanların şəffaflığına və obyektivliyinə mənfi təsir göstərməyəcək:

190459

"Azərbaycanın təhsil sistemində mühüm kadr dəyişikliyi baş verib və uzun illər ölkənin qiymətləndirmə sisteminə rəhbərlik etmiş Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Bu dəyişiklik həm qiymətləndirmə institutunun gələcək fəaliyyəti, həm də ali təhsil mühitində gözlənilən yeniliklər baxımından təhsil ictimaiyyətində geniş müzakirələrə yol açıb.

Məleykə Abbaszadənin rəhbərliyi dövründə DİM-dəki fəaliyyət kifayət qədər şəffaf qurulmuşdu və onun yüksək peşəkarlığını və prinsipial mövqeyini xüsusilə vurğulamaq lazımdır. Azərbaycanda mərkəzləşdirilmiş test üsulunun oturuşması, imtahan prosesində obyektivliyin və ictimai etimadın təmin olunması məhz onun uzunmüddətli və sistemli idarəçiliyinin nəticəsidir. Bu baxımdan, qurumun institusional yaddaşı və formalaşmış texnoloji infrastrukturu o qədər möhkəm təməllər üzərində qurulub ki, rəhbər dəyişikliyi imtahanların şəffaflığına və obyektivliyinə heç bir mənfi təsir göstərməyəcək".

Kadr dəyişikliyi həm DİM-in gələcək modernləşməsi, həm də Bakı Dövlət Universitetinin akademik və tədqiqat potensialının daha da güclənməsi baxımından müsbət nəticələrə hesablanmış strateji addımdır:

"Digər tərəfdən, qurumun gələcək fəaliyyətində yeni nəfəs və müasir çağırışlara uyğun transformasiya gözləntiləri ön plana çıxır. Müasir dövrdə DİM-in qarşısında duran əsas vəzifə yalnız texniki şəffaflığı qorumaq deyil, həm də qiymətləndirmə metodologiyasını səriştəyönümlü kurikulumlarla, tənqidi təfəkkürün ölçülməsi ilə və rəqəmsal imtahan modelləri ilə daha sıx uzlaşdırmaqdır. Yeni rəhbərliyin bu istiqamətdə atacağı innovativ addımlar DİM-in fəaliyyətinə müsbət dinamika gətirə, xüsusilə orta məktəb proqramları ilə qəbul imtahanları arasındakı metodoloji uyğunsuzluğun aradan qaldırılmasına təkan verə bilər.

Bakı Dövlət Universiteti ölkəmizin ilk və flaqman ali təhsil ocağıdır və əminəm ki, Məleykə xanım orada da öz zəngin idarəçilik təcrübəsinə əsaslanaraq uğurlu rəhbərlik həyata keçirəcək. Eyni zamanda, universitetin əvvəlki rektoru Elçin müəllim də təcrübəli elm və təhsil adamı idi və onun dövründə də ali məktəbin inkişafı istiqamətində mühüm işlər görülüb. Məleykə xanımın vəzifədən azad edilməsi və digər strateji əhəmiyyətli vəzifəyə təyinat alması cənab Prezidentin müstəsna səlahiyyətlərinə aid məsələlərdir. Biz ictimaiyyət olaraq bu qərara hörmətlə yanaşır, Məleykə xanıma yeni və şərəfli fəaliyyətində uğurlar arzulayır və təbrik edirik.

Hesab edirəm ki, bu kadr dəyişikliyi həm DİM-in gələcək modernləşməsi, həm də Bakı Dövlət Universitetinin akademik və tədqiqat potensialının daha da güclənməsi baxımından müsbət nəticələrə hesablanmış strateji addımdır".

Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox