Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 14:00:10
ADU-nun yataqxanasında nə baş verir? - “Soyuducudan yeməyimizi, qapıdan ayaqqabılarımızı oğurlayırlar”

“Gecə yatırıq və səhər durub görürük ki, dünən soyuducuya qoyduğumuz yemək bu gün yoxdur. Qapının ağzından ayaqqabılarımızı da oğurlayırlar”

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin yataqxanasında qalan tələbə Gülsüm Hümbətzadə (şərti ad)  deyib. O, eyni zamanda yataqxananın internetlə təmin olunmamasından da şikayətçidir:

“Yataqxanada bir çox problemimiz var. İnternet şəbəkəsi yoxdur. Heç olmasa, kitabxana internetlə təmin olunsa, tələbələr bu şəraitdən rahat istifadə edə bilərlər.

Sular soyuq gəlir. Belə olanda nə rahat paltar yuya, nə də başqa iş görə bilirik. Ən böyük problemlərdən biri də yataqxanada oğurluq hallarının baş verməsidir. Soyuducu ümumi sahəyə qoyulur, hamı da ərzağını burada saxlayır. Gecə yatırıq və səhər durub görürük ki, dünən soyuducuya qoyduğumuz yemək bu gün yoxdur. Qapının ağzından ayaqqabılarımızı da oğurlayırlar. Hətta bir dəfə tələbənin şalvarını götürüb 10 gün sonra geri qaytarmışdılar. Bunları edənin kim olduğunu bilmirik”.

Mövzu ilə bağlı Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva ilə əlaqə saxladıq. O, bəzi narazılıqlardan xəbərdar olduqlarını və problemin həlli istiqamətində işlər görüldüyünü, bəziləri haqqında isə ümumiyyətlə, şikayətin daxil olmadığını bildirib:

“Yataqxanaya internet çəkilməsi ilə bağlı bir sıra müraciətlər daxil olub və məsələylə bağlı iş gedir. Yəqin ki, yaxın zamanlarda bu problemlə bağlı müəyyən addımlar atılacaq. İsti su problemi texniki məsələ olduğundan universitetin özü bu mövzunu həll edir. Oğurluq halları ilə bağlı isə hər hansı şikayət daxil olmayıb. Yataqxanalar tələbələrin şəxsi yaşayış sahəsi olduğu üçün biz ora çox müdaxilə etmirik. Amma hər bir halda,bu məsələ araşdırılacaq”.

Rəna Nəbi