Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 13:58:00
Mərkəzi Elmi Kitabxananın fondu zənginləşdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildi daxil edilib.

AzEdu.az Azərtaca istinadən xəbər verir ki, ensiklopediyada Azərbaycanın XIX əsr Qarabağ xalçası olan “Dəst xalı-gəbə”, orta əsrlərdə şifahi xalq ədəbiyyatından fərqli olaraq nisbətən mürəkkəb dildə yaranan və yayılan yazılı ədəbiyyat (divan ədəbiyyatı), ən qədim yunan tayfalarından biri olan Dorilər haqqında və s. maraqlı məlumatlar yer alıb.

Ensiklopediyada məşhur ingilis fizioloqu, Nobel mükafatı laureatı Edvard Robert Ceffri haqqında da məqalə yer alıb. O, süni mayalanma texnologiyasını işləyib hazırlayıb və 1978-ci il iyulun 25-də həmin texnologiya əsasında ilk insan – Luiza Con Braun dünyaya gəlib.

Ensiklopediyada Efiopiya Federativ Demokratik Respublikasının dövlət quruluşu, təbiəti, əhalisi, təhsili, memarlıq və təsviri sənəti haqqında, Baltik dənizində yerləşən Eland adası, Böyük Britaniyanda yerləşən Edinburq şəhəri və dünyanın digər yerləri, əraziləri haqqında geniş məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mühüm mərhələlərini, ayrı-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də iqtisadiyyatını, elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə və texnikaya dair terminlərin izahı verilir.