"Oxu savadlılığı üzrə ciddi problemimiz var və bu, digər fənlərə də mane olur"
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Nazir oxu savadlılığı üzrə nəticələrə toxunaraq bildirib ki, bu istiqamətdə müəyyən müsbət dəyişikliklər olsa da, göstəricilər hələ də qənaətbəxş səviyyədə deyil.
E.Əmrullayev qeyd edib ki, oxu savadlılığı üzrə yüksək nəticə göstərən şagirdlərin payında artım müşahidə olunur. Onun sözlərinə görə, yüksək nəticə göstərənlərin payı ölkə üzrə 0,2 faizdən, Bakı üzrə isə 1,2 faizə yüksəlib.
Nazir bu artımı müsbət qiymətləndirərək, bunun əhəmiyyətli dinamika olduğunu bildirib. Bununla belə, oxu savadlılığı üzrə aşağı nəticə göstərən şagirdlərin sayının hələ də yüksək olduğunu vurğulayıb.
E.Əmrullayev qeyd edib ki, əsas məqsədlərdən biri aşağı nəticə göstərən şagirdlərin payını azaltmaqdır.
Onun sözlərinə görə, bu istiqamətdə göstəricilərin yaxşılaşdırılması ümumi nəticələrə də müsbət təsir göstərəcək.
Nazir bildirib ki, təhsil nəticələrinin yaxşılaşması uzunmüddətli prosesdir və həyata keçirilən islahatların nəticələrinin tam şəkildə görünməsi üçün müəyyən müddət tələb olunur.
E.Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasının gələcək nəticələrə təsirinə də diqqət çəkib.
"Biz sertifikasiyanın gücünə inanırıq və bu günlər üçün çox inamlıyıq. Çünki sertifikasiya ilk dəfə olaraq təhsildə bütün müəllim heyətimizi əhatə edən prosesdir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın tədrisə təsirinin PISA nəticələrində tam şəkildə özünü göstərməsi üçün 2030-2035-ci illərə qədər gözləmək lazım gələ bilər.
"2024-cü ildən 2030-2035-ci ilə qədər işlərimizi davam etdirsək, həmin dövrdəki nəticələr sertifikasiyanın nəticəsi olacaq.
Oxu və oxuduğunu anlama bacarığının zəif olması digər fənlər üzrə nəticələrə də birbaşa təsir göstərir. Oxuyub-anlamaq barədə bizim hələ ki, ciddi problemimiz var və bu, birbaşa bizə digər fənlərdə mane olur".