Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sayı son illərdə azalma tendensiyası nümayiş etdirib.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, 2000/2001-ci tədris ilində dövlət məktəblərində 161,3 min müəllim çalışdığı halda, 2025/2026-cı ildə bu göstərici 139,8 min nəfər olub. Beləliklə, 25 il ərzində dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sayı 21,5 min nəfər azalıb. Müəllimlərin sayı 2010/2011-ci tədris ilində 171,3 min nəfərə yüksəlib. Bu ildən sonra isə göstəricidə tədricən azalma baş verib.
Dövlət ümumi təhsil müəssisələrinin sayı da 2000/2001-ci ildən etibarən azalıb. Həmin tədris ilində 4548 dövlət ümumi təhsil müəssisəsi olduğu halda, 2025/2026-cı ildə onların sayı 4160-a düşüb.
İbtidai məktəblərin sayı 470-dən 183-ə, ümumi orta məktəblərin sayı isə 922-dən 712-yə enib. Bunun əksinə olaraq, tam orta məktəblərin sayı 2000/2001-ci ildəki 3136-dan 2024/2025-ci ildə 3310-a yüksəlib. 2025/2026-cı ildə isə dövlət tam orta məktəblərinin sayı 3249 olub.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların sayı da dəyişib. 2000/2001-ci ildə 1 milyon 653,7 min nəfər olan təhsilalanların sayı 2010/2011-ci ildə 1 milyon 318,1 min nəfərə qədər azalıb. Daha sonra artaraq 2024/2025-ci ildə 1 milyon 671,1 min nəfərə çatıb. 2025/2026-cı tədris ilində isə dövlət məktəblərində 1 milyon 648,8 min nəfər təhsil alıb.
Tam orta məktəblərdə təhsilalanların sayı 2000/2001-ci ildə 1 milyon 506 min nəfərdən 2024/2025-ci ildə 1 milyon 597,9 min nəfərə yüksəlib. 2025/2026-cı ildə isə bu göstərici 1 milyon 579,9 min nəfər olub.
Xüsusi təhsil müəssisələrinin sayı 2000/2001-ci ildə 20, 2005/2006-cı ildə 21 olduğu halda, 2025/2026-cı ildə 16 təşkil edib.