Astronomlar Böyük Partlayışdan cəmi 1,3 milyard il sonra mövcud olmuş qalaktikada bir-birinə yaxınlaşan üç superkütləli qara dəlik aşkar ediblər.
AzEdu.az xəbər verir ki, beynəlxalq tədqiqat qrupu bu kəşfi James Webb Kosmik Teleskopunun köməyi ilə həyata keçirib.
Alimlər işığı Yerə təxminən 12,5 milyard ilə çatan J0148-4214 qalaktikasını araşdırıblar. Araşdırma zamanı qalaktikanın mərkəzində və ətrafında yerləşən üç qara dəliyin qazla qidalandığı müəyyən edilib.
Qara dəliklərdən ikisi qalaktikanın mərkəzində, bir-birindən 620 işıq ili məsafədə yerləşir. Onlardan birinin kütləsi Günəşdən 80 milyon dəfə, digərinin isə 600 min dəfə çoxdur.
Üçüncü qara dəlik qalaktikanın mərkəzindən 5 500 işıq ili uzaqda yerləşir və kütləsi Günəşin təxminən 2 milyon mislinə bərabərdir.
Alimlərin fikrincə, üçüncü qara dəlik keçmişdə baş vermiş qalaktika birləşməsi nəticəsində bu sistemə daxil olub. Üç qara dəlik arasındakı güclü cazibə qarşılıqlı təsiri onun gələcəkdə qalaktikadan kənara atılmasına da səbəb ola bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf kainatın ilk dövrlərində superkütləli qara dəliklərin necə sürətlə böyüdüyünü anlamağa kömək edə bilər.