Astronomiya həvəskarları üçün nadir səma hadisəsi baş verəcək. Günəş tutulması ilə məşhur Perseid meteor yağışının maksimum aktivlik dövrü eyni günlərə təsadüf edəcək.
AzEdu.az Kiv-ə istinadən xəbər verir ki, günəş tutulması zamanı Ay Günəşin qarşısından keçərək onun diskini qismən və bəzi bölgələrdə tamamilə örtəcək. Tam tutulma Qrenlandiyanın şərq hissəsi, İslandiyanın qərbi, İspaniyanın şimalı və digər məhdud ərazilərdən müşahidə edilə biləcək.
Bununla yanaşı, Perseid meteor yağışı gecə saatlarında maksimum aktivliyə çatacaq. Əlverişli hava və qaranlıq səma şəraitində saatda onlarla meteor müşahidə etmək mümkün olacaq. Ayın yeni ay fazasında olması isə meteorların görünməsi üçün daha qaranlıq səma yaradacaq.
Mütəxəssislər bu səma hadisələrinin bir-birinə yaxın vaxtda baş verməsini 2026-cı ilin ən diqqətçəkən astronomik hadisələrindən biri kimi qiymətləndirirlər.
Günəş tutulmasını müşahidə edərkən gözləri qorumaq üçün xüsusi sertifikatlı Günəş tutulması eynəklərindən istifadə etmək vacibdir.