NASA-nın Neil Gehrels Swift Kosmik Rəsədxanası qalaktikanın mərkəzindən 30 min işıq ilindən çox uzaqda yerləşən superkütləli qara dəliyin ulduzu parçaladığı nadir hadisəni qeydə alıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə təxminən 750 milyon işıq ili uzaqlıqda yerləşən qalaktikada baş verib.
Alimlərin hesablamalarına görə, ulduzu parçalayan qara dəliyin kütləsi Günəşinkindən təxminən 1 milyon dəfə böyükdür. Hadisə zamanı yaranan parıltı ən yüksək səviyyəsində təxminən 10 milyard Günəşin ümumi parlaqlığına çatıb. Parıltının temperaturu isə 30 min dərəcə Selsi ölçülüb.
Qara dəliyin qalaktikanın mərkəzindən bu qədər uzaqda yerləşməsi alimlərin diqqətini xüsusilə cəlb edib. Tədqiqatçılar onun başqa qalaktikalarla birləşmə zamanı cazibə qüvvəsinin təsiri ilə kənara atılmış ola biləcəyini və ya daha kiçik bir cırtdan qalaktikadan gəlmiş ola biləcəyini ehtimal edirlər.
Alimlər gələcəkdə Vera C. Rubin Rəsədxanası və NASA-nın Nancy Grace Roman Kosmik Teleskopundan əldə ediləcək məlumatlarla daha çox belə “səyyah” qara dəliyin aşkarlanacağını düşünürlər.