Danimarka hökuməti süni intellekt vasitəsilə köçürmə hallarının qarşısını almaq məqsədilə liseylərdə yeni qaydalar tətbiq etməyə başlayıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni tədris ilindən etibarən 16-19 yaşlı şagirdlər hazırladıqları yazılı tapşırıqları şifahi şəkildə müdafiə etməli olacaqlar.
Qərar təhsil naziri Maqnus Hoynikenin süni intellektdən istifadə etməklə köçürmə hallarının artması ilə bağlı çağırışından sonra qüvvəyə minib. Nazir bildirib ki, məktəblərdə bu problemin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir.
Yeni qaydalara əsasən, hər il böyük həcmli yazılı iş hazırlayan təxminən 9 min lisey şagirdi həmin işləri müəllimlər qarşısında şifahi müdafiə edəcək. Təhsil Nazirliyi bu mexanizmin tətbiqi ilə bağlı məktəblərlə birgə işləyəcəyini açıqlayıb.
Bundan əlavə, yazılı imtahanlarda kompüter istifadəsinə nəzarət üçün monitorinq proqramları tətbiq olunacaq, məktəb şəbəkələrində isə imtahan və dərs zamanı müəyyən internet resurslarına çıxış məhdudlaşdırılacaq.
Hökumət həmçinin şagirdlərin yazılı tapşırıqları məktəbdə, nəzarət olunan şəraitdə hazırlamasını təşviq etməyi planlaşdırır. Məqsəd iş prosesini izləmək, müəllim rəyini operativ təqdim etmək və qiymətləndirmənin daha obyektiv aparılmasını təmin etməkdir.
Danimarka Təhsil Nazirliyi hazırda məktəblərdə süni intellektdən istifadə ilə bağlı vahid milli strategiya da hazırlayır. Bildirilir ki, bu texnologiyadan istifadə şagirdlərin müstəqil düşünmə və biliklərinin qiymətləndirilməsinə mənfi təsir göstərməməlidir.
Qeyd edək ki, oxşar problem digər Avropa ölkələrində də müşahidə olunur. İsveçdə aparılan araşdırmaya əsasən, icazəsiz süni intellektdən istifadə ilə bağlı xəbərdarlıq və ya intizam tədbiri görülən şagirdlərin sayı 2023-2025-ci illər arasında 688 faiz artıb.