2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) və Çinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir.
AzEdu.az xəbər verir ki, bu mühüm hadisə Azərbaycanda beynəlxalq mühəndislik təhsilinin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.
PKTU-BMU Mühəndislik fakültəsi dünya səviyyəli mühəndis hazırlığını, innovativ tədris yanaşmalarını və qlobal akademik əməkdaşlığı özündə birləşdirən müasir təhsil modeli təqdim edir. Fakültənin əsas məqsədi sürətlə dəyişən texnologiya dünyasının tələblərinə cavab verən, beynəlxalq rəqabət mühitində uğur qazana biləcək yüksək ixtisaslı mühəndislər yetişdirməkdir.
2026-2027-ci tədris ili üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
- Kompüter elmləri
- Kimya
- Biotexnologiya
- Mexanika mühəndisliyi
PKTU-BMU Mühəndislik fakültəsinin ən mühüm üstünlüyü onun sadəcə ikili diplom proqramı deyil, BMU və PKTU tərəfindən birgə təsis edilmiş ilk beynəlxalq akademik fakültə olmasıdır. Tədris prosesi hər iki universitetin ortaq akademik idarəetmə prinsipləri və beynəlxalq keyfiyyət standartları əsasında təşkil olunur ki, bu da tələbələrə dünya səviyyəsində tanınan müasir təhsil mühiti təqdim edir.
Fakültədə tətbiq olunan 3+1 təhsil modeli çərçivəsində tələbələr təhsillərinin ilk 3 ilini BMU-da, son ilini isə PKTU-da davam etdirirlər. Bu müddətdə onlar beynəlxalq akademik mühitdə təhsil almaq, qabaqcıl laboratoriyalarda çalışmaq, elmi-tədqiqat layihələrinə qoşulmaq və qlobal sənaye təcrübəsi qazanmaq imkanı əldə edirlər. Yüksək akademik göstərici nümayiş etdirən tələbələr üçün PKTU-da təqaüdlə təhsil imkanları da nəzərdə tutulur. Tədris proqramını uğurla başa vuran məzunlara hər iki universitetin diplomu təqdim ediləcək.
Süni intellekt, rəqəmsal transformasiya, yaşıl texnologiyalar və yeni sənaye çağırışlarına uyğun hazırlanmış müasir tədris proqramları, innovativ laboratoriyalar, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq akademik mübadilə imkanları tələbələrə gələcəyin peşələrinə hazırlaşmaq və qlobal əmək bazarında rəqabət üstünlüyü qazanmaq üçün zəruri bilik və bacarıqlar qazandırır.
2026-cı ildə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi (kodlaşdırma) mərhələsində PKTU–BMU Mühəndislik fakültəsinin müvafiq ixtisaslarını seçərək dünya səviyyəli mühəndislik təhsili, beynəlxalq akademik təcrübə və qlobal karyera imkanları təqdim edən bu unikal təhsil modelinin ilk tələbələri sırasında yer ala bilərlər.