Azedu.az

Azərbaycanda universitetlərin sayı azalacaq? - "Əsas məqsəd say yox, keyfiyyətdir"

Ali təhsil

3 Avqust 2026, 09:35
Azərbaycanda universitetlərin sayı azalacaq? - "Əsas məqsəd say yox, keyfiyyətdir"

Son illər Azərbaycanda ali təhsil sektorunda həm dövlət, həm də özəl universitetlərin fəaliyyətinin keyfiyyət göstəriciləri, tələbə qəbulu, məzunların məşğulluq səviyyəsi və maliyyə dayanıqlılığı ilə bağlı müzakirələr genişlənib.

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması isə özəl ali təhsil müəssisələrinin mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı sualları yenidən gündəmə gətirib.

Maraqlıdır, ali təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün universitetlərin optimallaşdırılması qaçılmazdırmı?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, ali təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün universitetlərin optimallaşdırılması qaçılmaz və obyektiv prosesdir:

187498

"Bakı Qızlar Universitetinin akkreditasiyadan keçə bilməməsi səbəbindən fəaliyyətinin dayandırılması Azərbaycanda ali təhsil sektorunun kəmiyyət yarışından keyfiyyət mərhələsinə keçidinin göstəricilərindən biridir. Təhsil standartlarına cavab verməyən, elmi potensialı zəif və maliyyə baxımından dayanıqlı olmayan ali təhsil müəssisələrinə qarşı dövlətin prinsipial mövqe nümayiş etdirməsi əmək bazarının tələblərindən irəli gələn zərurətdir. Açıq demək lazımdır ki, bu problemlər təkcə bir universitetə aid deyil. Onları ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində də müşahidə etmək mümkündür.

Ali təhsil sektorunun mövcud vəziyyəti, özəl universitetlərin gələcəyi və optimallaşma strategiyası bu gün xüsusi aktuallıq kəsb edir. Çünki ali təhsil sistemində optimallaşmanı qaçılmaz edən bir neçə fundamental amil var.

İlk növbədə söhbət akkreditasiya standartları və keyfiyyət təminatı mexanizmlərindən gedir. Universitet anlayışı yalnız bina, auditoriya və tələbə qəbulundan ibarət deyil. Müasir universitet elmi tədqiqatlar aparmalı, beynəlxalq indeksli jurnallarda elmi nəşrlərlə təmsil olunmalı, daxili keyfiyyət təminatı sistemini formalaşdırmalı və əldə etdiyi elmi nəticələri sənaye ilə iqtisadiyyatın inkişafına yönəltməlidir.

Bu baxımdan son illərdə Çin universitetlərinin sürətli yüksəlişi diqqət çəkir. Onların uğuru texnologiya, sənaye və iqtisadiyyatla sıx əməkdaşlıq modelinə əsaslanır. Bu inkişaf təsadüfi deyil, sistemli və davamlı siyasətin nəticəsidir. Bizdə isə bəzi hallarda universitetlərin yalnız zahiri görünüşünə investisiya qoyulur, binalar yenilənir, lakin əsas məsələ olan akademik məzmun və keyfiyyət arxa planda qalır. Halbuki müasir universitet həm güclü infrastruktura, həm də yüksək akademik standartlara malik olmalı, beynəlxalq tələblərə cavab verməlidir.

Bakı Qızlar Universitetinin timsalında da görünür ki, təhsil standartlarının və normativ hüquqi aktların tələblərinin uzun müddət yerinə yetirilməməsi sonda fəaliyyətin dayandırılması ilə nəticələnib. Ümumiyyətlə, Azərbaycanda bəzi ali təhsil müəssisələri faktiki olaraq yalnız diplom verən qurum funksiyasını yerinə yetirir. Halbuki beynəlxalq təcrübə tamamilə fərqli mənzərə ortaya qoyur.

Mənim övladım Almaniyanın nüfuzlu universitetlərindən birində təhsil alır və orada aydın görünür ki, universitetə qəbul olmaq nisbətən asandır, onu uğurla bitirmək isə kifayət qədər çətindir. Azərbaycanda isə əks vəziyyət müşahidə olunur. Şərti desək, ali məktəbə qəbul olunan min tələbədən təxminən 990-ı məzun olur, bəzən isə demək olar ki, hamısı diplom alır. Bu isə ali təhsilin kifayət qədər tələbkar olmadığını göstərən ciddi göstəricidir.

Aydındır ki, ali məktəbə qəbul olunan bütün tələbələr eyni akademik potensiala malik ola bilməz. Deməli, ya qiymətləndirmə sistemi kifayət qədər obyektiv deyil, ya da universitetlərin təqdim etdiyi bilik, bacarıq və səriştələrin səviyyəsi ciddi şəkildə yenidən qiymətləndirilməlidir.

Digər mühüm problem əmək bazarı ilə ali təhsil arasında uyğunsuzluqdur. Müasir işəgötürənlər artıq təkcə diplom deyil, texnoloji dəyişikliklərə uyğunlaşma bacarığı, praktik təcrübə, analitik düşüncə, həm yumşaq, həm də peşə bacarıqları tələb edirlər. Təəssüf ki, bir çox ali təhsil müəssisəsinin məzunlarının məşğulluq göstəriciləri aşağı səviyyədədir. Bu problem yalnız özəl universitetlərə deyil, bir sıra dövlət ali məktəblərinə də aiddir.

İdarəetməsini, kurikulumunu və akademik yanaşmalarını yeniləməyən universitetlərin gələcəkdə rəqabətə davam gətirməsi çətin olacaq. Bununla yanaşı, müasir dərsliklərin çatışmazlığı, professor-müəllim heyətinin peşəkar inkişaf imkanlarının məhdudluğu, laboratoriya bazasının zəifliyi, beynəlxalq qrant layihələrində iştirakın azlığı və elmi tədqiqat şəbəkələrinə inteqrasiyanın aşağı səviyyədə olması da ali təhsilin əsas problemlərindəndir.

Maliyyə dayanıqlılığı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Özəl universitetlərin əksəriyyəti əsasən təhsil haqları hesabına fəaliyyət göstərir. Dövlət universitetlərinin də mühüm hissəsi yalnız dövlət maliyyələşməsi və ödənişli təhsil gəlirlərindən asılıdır. Alternativ maliyyə mənbələrinin məhdudluğu və ali təhsil müəssisələrinin institusional muxtariyyətinin yetərli səviyyədə olmaması onların inkişaf imkanlarını zəiflədir.

Tələbə qəbulu azaldıqca və abituriyentlər daha nüfuzlu universitetlərə üstünlük verdikcə digər ali təhsil müəssisələri ciddi maliyyə çətinlikləri ilə üzləşirlər. Bu isə infrastrukturun köhnəlməsinə, professor-müəllim heyətinin əməkhaqlarının aşağı səviyyədə qalmasına və nəticədə təhsilin keyfiyyətinin daha da zəifləməsinə səbəb olur".

Azərbaycanda özəl ali təhsil sektoru şərti olaraq iki istiqamətdə inkişaf edir:

"Bir istiqamətdə beynəlxalq proqramlara, ingilisdilli tədrisə, elmi tədqiqatlara və xarici tərəfdaşlıqlara üstünlük verən rəqabətqabiliyyətli universitetlər formalaşır. Xəzər Universiteti və Odlar Yurdu Universiteti bu istiqamətdə müəyyən nümunələr hesab oluna bilər.

Digər istiqamətdə isə institusional problemlərlə üzləşən ali təhsil müəssisələri yer alır. Bu universitetlərdə dövlət standartlarından geri qalma, müasir laboratoriya bazasının və elmi potensialın zəifliyi, məzunların məşğulluq göstəricilərinin aşağı olması, həmçinin maliyyə asılılığı kimi problemlər müşahidə edilir.

Hesab edirəm ki, ali təhsil sistemində real keyfiyyət artımına nail olmaq üçün bir sıra mühüm islahatların həyata keçirilməsi zəruridir. İlk növbədə oxşar profilli, lakin resursları məhdud olan universitetlərin birləşdirilməsi nəzərdən keçirilə bilər. Bu addım idarəetmə xərclərinin azalmasına, maliyyə və akademik resursların daha səmərəli bölüşdürülməsinə, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradar".

Akkreditasiya prosesi formal prosedur olmaqdan çıxmalı, beynəlxalq akkreditasiya prinsiplərinə uyğunlaşdırılmalıdır:

"Standartlara cavab verməyən ali təhsil müəssisələrinin lisenziyaları gecikdirilmədən ləğv edilməli, eyni zamanda həmin universitetlərdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə sürətli və problemsiz köçürülməsi üçün institusional mexanizmlər gücləndirilməlidir.

Bununla yanaşı, özəl sektorun ali təhsilə investisiya qoyması təşviq edilməlidir. Universitetlər üçün vergi güzəştləri tətbiq oluna bilər. Lakin bunun müqabilində elmi fəaliyyət, beynəlxalq reytinqlərdə mövqe, məzunların məşğulluq səviyyəsi və təhsilin keyfiyyəti üzrə konkret nəticələr tələb edilməlidir.

Vacib istiqamətlərdən biri də dual təhsil modelinin genişləndirilməsidir. İşəgötürənlərlə universitetlər birgə təhsil proqramları hazırlamalı, kadr hazırlığı birbaşa əmək bazarının tələblərinə uyğun təşkil edilməlidir.

Nəhayət, universitetlərin optimallaşdırılması ali təhsil müəssisələrinin sayının məqsədsiz şəkildə azaldılması demək deyil. Burada əsas məqsəd sayın deyil, keyfiyyətin artırılmasıdır. Hətta universitetlərin sayı müəyyən qədər azalsa belə, bu, ali təhsilin əlçatanlığına ciddi mənfi təsir göstərməyəcək. Əksinə, diplomlu işsizlərin sayının azalmasına və daha rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına xidmət edəcək.

Dövlətin əsas hədəfi ali təhsildə kəmiyyət deyil, keyfiyyət və rəqabətqabiliyyətli kadr potensialının gücləndirilməsidir. Bu baxımdan standartlara cavab verməyən və zəif fəaliyyət göstərən ali təhsil müəssisələrinin sistemdən çıxarılması ali təhsilin sağlamlaşdırılması istiqamətində zəruri və məntiqi addım kimi qiymətləndirilməlidir".

İranda ŞOK GÖRÜNTÜLƏR - Ermənistan bayraqları qaldırıldı
Son xəbərlərDaha çox